Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal, eyni zamanda balanslaşdırılmış siyasəti ilə diqqət çəkir. Ölkəmiz təkcə aid olduğu Qafqaz regionunda deyil, həm də Yaxın Şərq və Afrika kimi qlobal əhəmiyyət daşıyan bölgələrdə aktiv diplomatik təşəbbüsləri ilə fərqlənir. Azərbaycanın vasitəçi rolunu üzərinə götürməsi, beynəlxalq təşkilatlarda fəallığı və pandemiya dövründə göstərdiyi qlobal həmrəylik nümunəvi təcrübələr sırasında yer alır.
İsrai-Türkiyə münasibətlərində Azərbaycanın rolu
Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə dərin və strateji tərəfdaşlıq münasibətləri var. Bu iki dövlət arasında müxtəlif dövrlərdə yaşanan diplomatik gərginliklər fonunda Bakı unikal mövqedən çıxış edərək neytral və balanslı siyasət sərgiləyib. Türkiyə ilə İsrailin ilk dəfə barışmasına da məhz Azərbaycan vasitəçilik edib. Bu günlərdə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirdi ki, "ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir".
2022-ci ildən sonra İsrail və Türkiyə arasında münasibətlərin normallaşma prosesi başladıqda, Azərbaycan bu prosesi pozitiv yöndə dəstəklədi. Hər iki ölkənin Azərbaycanla sıx əlaqələri normallaşmanın konstruktiv inkişafına şərait yaratdı. Analitiklər hesab edirlər ki, Azərbaycan bu prosesdə “səssiz diplomatiya” yolu ilə mühüm rol oynadı.
Beləliklə, Azərbaycanın bu iki güclü regional oyunçu ilə münasibətləri eyni vaxtda yüksək səviyyədə qoruyub saxlaması onu mümkün vasitəçiyə çevirib.
Azərbaycan–İsrail münasibətlərinə gəlincə, iki ölkənin təhlükəsizlik, kənd təsərrüfatı, texnologiya və enerji sahələrində strateji əməkdaşlığı qurulub. 2023-cü ildə Azərbaycanın İsraildə səfirlik açması münasibətlərin dərinləşdiyinin göstəricisi oldu. Eyni zamanda, Türkiyə ilə hərbi, iqtisadi və siyasi sahələrdə inkişaf edən ittifaq Azərbaycanı bölgənin sabitlik dayağına çevirir.
Suriya ilə bağlı proseslərdə iştirak
Azərbaycan 13 illik fasilədən sonra ötən ay Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdi. Bu da Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandından xəbər verir. Belə bir vacib dördə Azərbaycan səfirliyi Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrin inkişafına dəstək verəcək.
Azərbaycanın Suriya ilə bağlı beynəlxalq diplomatik təşəbbüslərə maraq göstərməsi və bölgədə sabitliyin təmin olunmasına yönəlik çağırışları ölkəmizin humanitar dəyərlərə sadiqliyinin göstəricisidir. Azərbaycan nəinki siyasi səviyyədə, həm də humanitar yardım və bərpa proseslərinə töhfə verməklə Yaxın Şərqdə sülhə dəstək verməyə çalışır.
Pandemiya dövründə liderlik və beynəlxalq həmrəylik
COVID-19 pandemiyası dövründə Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Ölkəmiz Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi müddətdə qlobal həmrəyliyin təmin olunması və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi.
2021-ci ildə Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, pandemiya dövründə biz Qoşulmama Hərəkatının sədri kimi məsuliyyətli davranaraq bütün üzv ölkələr arasında həmrəyliyin və birgə fəaliyyətin təşviqinə nail olduq:
"Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir".
Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında pandemiyaya dair xüsusi sessiya keçirildi. Bu isə ölkəmizin beynəlxalq sistemdə mühüm təşəbbüskar rol oynadığını göstərdi.
Qoşulmama Hərəkatında fəal iştirak
Azərbaycanın Qoşulmama Hərəkatına 2019–2023-cü illərdəki sədrlik dövrü ölkənin qlobal nüfuzunun güclənməsinə xidmət etdi. Bu müddətdə Azərbaycan yalnız prosedur rəhbərliyi deyil, real təşəbbüslər və siyasi liderlik nümayiş etdirdi.
Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.
Afrika ilə artan əməkdaşlıq
Azərbaycan son illər Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini genişləndirir. Qitənin müxtəlif dövlətləri ilə diplomatik nümayəndəliklərin açılması, iqtisadi və humanitar layihələrin həyata keçirilməsi, təhsil və səhiyyə sahələrində əməkdaşlıq təşəbbüsləri Azərbaycanın qlobal diplomatiyada coğrafi miqyasının artdığını göstərir.
Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə Azərbaycanın Afrika ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatıdır. Azərbaycan lideri bu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı gücləndirmək əzmindədir.
Azərbaycan qlobal diplomatiyanın fəal iştirakçısıdır
Azərbaycan artıq sadəcə regional güc deyil, həm də qlobal diplomatik proseslərdə öz sözünü deyən ölkəyə çevrilib. Yaxın Şərqdə vasitəçi missiyası, beynəlxalq təşəbbüslərdə aktiv iştirakı, pandemiya dövründə liderlik nümunəsi və Afrika ilə qurulan dərinləşən münasibətlər Azərbaycanı etibarlı, sülhpərvər və məsuliyyətli beynəlxalq aktor kimi mövqeləndirir.
Bu yanaşma Azərbaycan diplomatiyasının əsas hədəfini – beynəlxalq sülh, sabitlik və inkişaf naminə əməkdaşlıq – aydın şəkildə nümayiş etdirir.
Zaur,BakuPost
Özünüz yazdığınız məqaləyə inanırsınız?