Dünyada elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın. Bu da təbii qanunauyğunluqdur - həyatın bütün sahələrində olduğu kimi, bu sahədə də problemlərdən qaça bilmirik. Bu, həm də elə bir problemdir ki, həlli yollarının tapılmasına belə özünəməxsus diqqət və qayğı tələb edir. Bu yazıda biz tatların, sosial-mədəni inkişafı, daha çox da mövcud problemlərinə yer ayıracağıq.
Azərbaycan tatları haqqında yazan müəlliflər onların bu ərazilərdə məskunlaşması məsələsində vahid fikrə gələ bilməmişlər. Tarixi mənbələr də tatların Azərbaycan ərazisinə mühacirət və ya hansı dövrlərdən bu ərazilərdə aborigen xalq kimi mövcudluğu barədə dəqiq məlumat vermirlər.
Bəziləri belə qeyd etmişlər ki, tatlar Zaqafqaziyanın, o cümlədən Azərbaycanın qədim zamanlardan mövcud olmuş “qədim sakinlərindəndirlər”. Lakin bu “qədim sakinlərin” burada yaşama tarixlərinin xronologiyasını göstərməmişlər.
Tatlar Azərbaycan ərazisində, kompakt şəkildə Quba rayonunun Afurca, Baş Talabı, Qam-Qam, Qənidərə, Zərqova, İsnov, Yerfi, Güləzizi, Ördüc, Sirt Çiçi, Talabi, Şabran rayonunun Bilci, Qələgah, Quşçu, Gəndob, Ləcədi, Ərüsküş, Zağlı, Zeyvə, Kunçal, Dəhnə, Siyəzən rayonunun Saadan, Dərə Zarat, Zarat, Çaraq, Xızı rayonu üzrə Ağdərə, Almakolu, Əmbizlər, Köhnə Qışlaq, Köhnə Quşçu, Kunüşə, Gilənəva, Gülah, Giləzi, Nəsirli, Tıxlı, İsmayıllı rayonu üzrə Lahıc qəsəbəsi, Əhən, Buynuz, Zarat, Cülyan, Şamaxı rayonunun Məlhəm, Müdri, Tullar, Himran, Bakının Balaxanı, Suraxanı, Novxanı, Kürdəxanı, Binəqədi, Biləcəri, Bilgəh, Bülbülə, Şağan, Corat kəndlərində məskunlaşmışlar.
Tatlar həmçinin Oğuz, Qəbələ, Qusar, Xaçmaz və Abşeronun kənd və qəsəbələrində, bəzi qərb rayonlarında pərakəndə şəklində yaşamaqdadırlar.
Abşeron tatları tarixən türklərlə yanaşı yaşamış, qaynayıb-qarışmış, assimilyasiya prosesi nəticəsində, tat dilində danışanların bir qismi öz dillərini unudublar. Baxmayaraq ki, vaxtilə Bakı kəndlərinin əhalisinin böyük əksəriyyəti tat dilində danışırdılar. Sonradan kəndlərdən şəhərə axının güclənməsi və qarışıq nikahlar nəticəsində Bakının tat kəndlərində tat dilində danışanların sayı xeyli azalmışdır. Baxmayaraq ki, Maştağa kəndi tatların mədəni-etnik əlaqələrini təmsil edən ən qədim yaşayış yeridir, Maştağa kəndində yalnız yaşlı əhali tat dilində danışa bilirlər.
“Bağ Dadaş” məzarlığının mühafizə çəpərinin quraşdırılıb
“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Quba rayonu, Çiçi kəndində “Bağ Dadaş” məzarlığının mühafizə çəpərinin quraşdırılması layihəsini icra edib.
Bu barədə məlumatı bizə “Azəri” Tat Mədəniyyət Mərkəzi Ictimai Birliyinin sədri Elman Əhmədov verib.
E.Əhmədov bildirib ki, layihənin məqsədi Quba rayonu, Çiçi kəndindəki “Bağ Dadaş” məzarlığının ətrafına mühafizə çəpərinin quraşdırılmasıdır.
Quba rayonu İcra Hakimiyyəti, Çiçi-Səbətlər üzrə icra nümayəndəliyi və bələdiyyə ilə birlikdə mühafizə çəpərinə alınacaq ərazi dəqiqləşdirilib, ərazinin ilkin vəziyyəti kamera ilə çəkilib və sakinlərin səyləri ilə ərazi kol-kosdan təmizlənib. Ağac və kollardan təmizlənən ərazilərdə mexanizm vasitəsilə torpaq hamarlama işləri aparılıb. Mühafizə çəpərini quraşdırmaq üçün üçün 600 metr uzunluğunda sinklənmiş polad məftildən hazırlanmış tor, 240 ədəd dəmir dirək, 1650 metr 2,5 mm-lik məftilin alınması üçün alqı-satqı müqavilələri bağlanıb.
Belə ki, çalalar qazıb dirəklər sement və doğranmış daş qarşığından hazırlanmış betonla basdırılıb və dirəklər boyu metal tor quraşdırılıb. Daha sonra metal torun üstündən (iki yerdən) tikanlı məftilləri çəkilib.
Tatlar haqqında film çəkilib
2023-cü ildə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkdiyi “Tolerantlığın Azərbaycan modeli- Azsaylı xalqlar” filminin təqdimatı olub. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov layihə barədə məlumat verib. E.Əhmədov bildirib ki, filmdə Azərbaycan ərazisində yaşayan tatların tarixi, mədəniyyəti, dini, adət-ənənələri, məişəti, əhalinin məşğuliyyəti və digər xüsusiyyətlərindən söhbət açılır: “Filmdə tatların yaşadığı ərazilərin sakinləri, tarixçi alimlərin fikirləri yer alıb, həmçinin tatların Azərbaycan mədəniyyətinə verdiyi töhfədən, tat əsilli mədəniyyət və incəsənət xadimlərindən söhbət açılır. Filimdə tat və Azərbaycan dillərində meyxana nümunələri səslənib, folklor kollektivlərinin çıxışları, musiqi nömrələri yer alıb”.
E.Əhmədov qeyd edib ki, filmin hazırlanmasında məqsəd Azərbaycanda tolerantlıq mühitinin nə qədər zəruri nemət olduğunu nümayiş etdirmək, bu modeli dünyaya örnək kimi təqdim etməkdir:
“Film əsasən Bakının Balaxanı, Suraxanı, Qala qəsəbələrində, Quba, Şabran rayonlarının tatlar yaşayan kəndlərində və İsmayıllı rayonunun Lahıc qəsəbəsində çəkilib”.
Tədbirdə filminin rejissoru Ceyhun Şüküroğlu, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin üzvləri - Məhəmməd Əliyev, Elçin Mirzəbəyli və başqaları çıxış ediblər.
Tatların məşğuliyyəti və xalçaçılıq
Qubanın Çiçi kəndi ərazisində yaşayan tatların toxuduğu xalçalar Azərbaycanın digər yerlərində toxunan xalçalardan, zəncili, zimisi (mərkəzi əhatə edən və mərkəzi hissə) və burada istifadə olunan ipliyin rəng çalarlarının əlvanlığl, naxışlarının ölçüsü, sıxlığı və s. ilə digər xalçalardan fərqlənmişlər. Çiçidə toxunan və kəndin adı ilə adlandırılan “Ağgülçiçi”, “Sirtçiçi”, “Xırdagülçiçi”, “Alçagülçiçi” xalçaları haqında xeyli məlumatlar verilib.
Bu xalçalardan biri “Xırdagülçiçi” xalçasıdır. Bu xalça nümunəsinin ümumi kompozisiyasını səthindəki xırda naxışların üfüqi və şaquli vəziyyətdə düzülüşünün bir-birini tamamlaması təşkil edir.
Bu xalça növündə əsasən orta əsrlərə aid rəsm nümunələrinin elementlərini müşahidə etmək olur. Xalçalar, həndəsi naxışlar və bitki elementlərinin vəhdəti, ilmələrinin sıxlığı və zərifliyi ilə seçilir. Naxışların forması, simmetriyası, dinamikası və rənglərin əlvanlığı vasitəsi ilə bəzədilən xalçalarda həyatın ahəngi duyulur.
Digər bir xalça nümunəsi isə “Alçagülçiçi” xalçası nümunəsidir.
Çiçi kəndində toxunmuş və gözəlliyi ilə fərqlənən, zimidə ağ rəngdən daha çox istifadə olunduğu üçün “Ağgülçiçi” (İspigül) və ya mərkəzdə qolların bir-birinə qarşı simmetrikliyinə görə “Qolluçiçi” xalça nümunəsidir.
Sirt-Çiçi kəndində toxunan daha bir xalça nümunəsi: “Sirtçiçi” – xalça nümunəsidir.
Əgər biz Çiçi kəndində toxunan xalça növlərini müqayisə etsək, görərik ki, “Alçagülçiçi”, “Xırdagülçiçi”, “Sirtçiçi” xalçalarının mərkəzi sahəsini təkrar olunan, kiçik ölçülü təbii güllər və həndəsi elementlər təşkil edir. “Ağgülçiçi” xalçalarında isə rombvari biçimli, monumental naxışlarla bərabər, təbiət elementlərindən və digər naxışlardanda istifadə olunub. Qədim naxışlardan, gül-çiçək elementlərindən ibarət zolaqlar, haşiyə bəzək elementləri kimi bu xalçaların kompozisiyasının bədii tərtibatında, mühüm rol oynayır. Xalçaların “zəncili” və “zimi”si həm naxışları həm də ilmələrin rəng uyarlılığı etibarı ilə biri-birindən fərqlənir, bir bənzərsizlik yaranır. Növündən asılı olaraq “zəncil” bir neçə zolaqdan, “zimi” isə xeyli böyük bir sahədən ibarət olur.
Göründüyü kimi, tatlar inkişafları tarixində, yaşadıqları ərazilərdən asılı olaraq, müxtəlif növ təsərrüfat fəaliyyətləri ilə məşğul olmuş, incəsənətin müxtəlif sahələrində, digər xalqlarla yanaşı, töhfələrini vermişlər. Təsərrüfat fəaliyyətlərində, heyvandarlığın inkişafı ilə əlaqədar olaraq, yunun ilkin emalından tutmuş, ondan ipliyin hazırlanması, boyanması və son məhsul olan gözəl xalça nümunələri yaratmağa kimi, mədəni inkişaf yolu keçmiş və mədəni irs yaratmışlar. Eyni zamanda onlar tikinti-memarlıq, qurama, tikmə, doldurma, misgərlik, dulusçuluq sahəsində uğurlu fəaliyyət göstərmişlər.
Problem var, amma...
Quba rayonunun tatlar yaşayan Çiçi İnzibati Ərazi Dairəsinə daxil olan Rəziyələr, Qənidərə, Sirt Çiçi kəndlərinin əhalisinin sosial problemləri kifayət qədərdir. Su, qaz, yol, məktəb yoxdur. Tat dilində dərsliklərlə bağlı ciddi problemlər var. Araşdırmalarımız zamanı bəlli oldu ki, son illər tat dilində ibtidai siniflər üçün heç bir dərslik çap olunmayıb. Bu kəndlərin şagirdləri tam orta təhsillərini Çiçi kəndinə gedirlər.
Bu kəndlərdə heç bir istehsalat müəssisəsi yoxdur. Amma kəndin potensialı kifayət qədərdir. Məsələn, tatların çox məşhur “Ağgül Çiçi” və “Xırdagül Çiçi” xalçaları dünyada tanınır. Hələ 1712-ci ildə Çiçi kəndində toxunmuş “Ağgül Çiçi” xalçası hazırda Nyu-Yorkun “Metropolitan” muzeyində qorunur. Bu bölgədə xalçaçılığı inkişaf etdirmək mümkündür.
Azəri -Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov bizimlə söhbətində Rəziyələr kəndinin Quba rayonunun Çiçi İnzibatı Ərazi Dairəsində yerləşdiyini bildirdi:
“Bu kənddə 100-ə yaxın təsərrüfat sahibi, əsasən də tatlar yaşayır. Eyni zamanda kənddə Birinci Qarabağ müharibəsində qaçqın düşən bir neçə Laçınlı ailə də məskunlaşıb. Kəndimizin ərazisində vaxtı ilə çoxlu tut, qoz və on hektarlarla alma bağları var idi. İndi nə o ağaclardan, nə də bağlardan əsər-əlamət qalmayıb”.
E.Əhmədov bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarında Bakı-Quba magistral qaz xəttindən Çiçi kəndinə gedən yol boyu yerləşən (Ərəblər, Tənkəmər, Alpout, Qışlaq və Rəziyələr) kəndlərdən keçməklə Çiçi kəndinə, sonra isə Səbətlər kəndinə 200 mm-lik borularla qaz xətti çəkildi:
“O vaxt qaz xəttini istifadəyə vermək mümkün olmadı (SSRİ dağıldı). Sonradan bu qaz xəttinin boruları yoxa çıxdı”.
Mərkəz rəhbəri kəndlərinin ərazisində Palıd və Pip ağaclarından ibarət meşələrin olduğunu qeyd edir:
“Son illər kənd ərazisində olan qoz və bu meşənin Palıd və Pip ağacları talan olunur. Nəticədə kəndlərimiz suya həsrət qalıblar. 2019-cu ildə Çiçi kəndinin hündür yerində 100 m3 tutumu olan çən quraşdırıldı. Məqsəd meşədən gələn su xəttini çənə yığıb, oradan Çiçi və Rəziyələr kəndinə su vermək idi. Sakinlərə məlum olmayan səbəbdən iş dayandı. İndi meşədən gələn su dəfələrlə azalıb, heç Çiçi kəndinin yarısını da təmin etmir. Vəsait niyə xərcləndi? İndi hər iki kəndin sakinləri suya görə min əziyyət çəkirlər”.
Kənd sakinlərinin Çiçi İƏD-də yerləşən Qənidərə, Rəziyələr və Sirt Çiçi kənd ibtidai məktəblərini bitirən uşaqların Çiçi kəndində yerləşən tam orta məktəbdə oxuduqlarını bildirilər. Səbəbi də kənd məktəbinin bərbad vəziyyətdə olmasıdır. İllərdir Elm və Təhsil Nazirliyi məktəbi təmir etməyə vəsait tapmır. Yeni təmir olunan məktəbin niyə o vəziyyətə düşdüyünü bilən yoxdur, bəlkə də bilmək istəmirlər.
Bəli, vaxtilə qoz, tut ağaclarını məhv edənlər, məktəbin keyfiyyətli tikintisinə əngəl olanlar indi kəndin ərazisində olan-qalan qoz ağaclarını və meşələri məhv edirlər.
E.Əhmədov xüsusi vurğulayıb ki, kəndlərimizdə heç bir istehsal sahəsi yoxdur:
“Sakinlər mal-qara saxlamaqla yaşayışlarını qismən təmin edirlər. Örüş yerlərini sakinlərin xəbəri olmadan sənədləşdirib verirlər başqalarına. Nəticədə mövcud imkanlarımız da əlimizdən sürüşüb gedir”.
Qeyd edək ki, bu kəndlərin əhalisi hökumətdən nümayəndə göndərib vəziyyəti yerində araşdırılmasını xahiş edirlər. Bildirirlər ki, ya yaşamaq üçün minimum şərait (su, qaz, yol və s.) yaradılsın, ya da onları köçürsünlər.
Məktublar niyə ünvana yetişmir?!
Kənd əhalisinin 2023-cü ildə Baş nazir Əli Əsədova ünvanladıqları məktubda deyilir:
“Son illərin quraqlıq hava şəraiti ciddi su problemləri yaradıb. Bulaqlardan həyətlərə çəkilən su xətləri susuz qalıb. Bulaqların suyu ya quruyub, ya da dəfələrlə azalıb. Bizim, 2022-ci ildə “Azərsu” ASC-nə yazılı (01 saylı, 07.01.2022 və 16 saylı, 31.08.2022) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə (19 saylı, 09.12.2022) müraciətlərimizə baxmayaraq, bu məsələnin onların səlahiyyətində olmadığını bildiriblər. Belə bir şəraitdə, Rəziyələr kəndində yaşayan insanların su ilə təmin olunması üçün subartizian quyularının qazılmasına kömək göstərmənizi xahiş edirik”.
E.Əhmədov deyir ki, məktub ünvana yetişib, amma hələ su yoxdur:
“2023-cü ilin avqust ayında Nazirlər Kabinetində qəbulda da olmuşam. Nəticə yoxdur. Neçə illər gözləmək lazımdır?”
Bu kəndlərin sakinlərinin növbəti müraciət etdiyi ünvan millət vəkilləri olub:
“Sizə Quba rayonunun Çiçi kəndinin inzibati ərazisində illərdən bəri yığılıb qalmış problemlər barədə müraciət etmək istəyirik. Çox qədim tarixə malik Çiçi kəndi məşhur “Ağgül Çiçi” və “Xırdagül Çiçi” xalçaları ilə dünyada tanınır. 1712-ci ildə Çiçi kəndində toxunmuş “Ağgül Çiçi” xalçası hazırda Nyu-Yorkun “Metropolitan” muzeyində qorunur. Çiçi İnzibati Ərazi Dairəsində bir neçə qədim qəbiristanlıqlar mövcuddur. Bütün bunlar və Çiçi kəndinin əsrarəngiz təbiəti, böyük ərazini əhatə edən müxtəlif ağaclarla zəngin meşə massivi, Çiçini kəndini turizmi üçün əhəmiyyətli edir.
Respublikamızda bütün istiqamətlərdə sürətli inkişafın getdiyi bir zamanda təəssüf ki, qədim tarixə malik bu kənd diqqətdən kənarda qalmışdır. Çiçi inzibati ərazisinə daxil olan Təngəaltı kəndi yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bakıdan Təngaltı kəndinə gedən turistlər Pirvahid kəndinin ərazisinə daxil olaraq uzun yol qət edərək mənzilə çatırlar. Halbuki, Çiçi kəndindən keçməklə həmin məsafəni 50 km yaxınlaşdırmaq olar. Lakin Çiçi kəndinin yolunun bərbad vəziyyətdə olması turistləri alternativ olaraq daha uzun yolu seçməyə məcbur edir. Qeyd olunan yol asfaltlanarsa, yalnız Çiçi kəndinin sakinləri və turistlərin yox, eyni zamanda Qonaqkənd zonasında yerləşən 100-ə yaxın kəndin sakinlərinin də Bakı şəhərinə gedən yolunu qısalda bilər.
Eyni zamanda, təəssüf hissi ilə qeyd olunmalıdır ki, hər tərəfi bulaqlarla və dağ çayları ilə əhatə olunmuş Çiçi inzibati ərazisinə daxil olan Səbətlər, Sirt Çiçi, Rəziyələr, Xar və Qənidərə kəndləri sakinləri su problemindən əziyyət çəkirlər. Bu kəndlərin ərazisində subartezian quyularının qazılması, kəndləri içməli və suvarma suyu ilə təmin etmiş olar. Kənd sakinlərinin öz imkanları hesabına primitiv üsullarla çəkdikləri su xətləri sakinlərin içməli suya olan tələbatını tam şəkildə ödəyə bilmir. Bundan əlavə bildirmək istəyirik ki, kəndin elektrik enerjisi ilə təminatı da acınacaqlı vəziyyətdədir. Belə ki, ötən əsrin 70-ci illərində quraşdırılmış transformator və elektrik dirəkləri istifadəyə yararsız vəziyyətdədir. Kənddə çox sayda yeni yaşayış evlərinin də tikildiyini nəzərə alsaq 50 il əvvəl quraşdırılmış elektrik infrastrukturu kəndin elektrik enerjisinə olan tələbatını ödəyə bilmir”.
Azərbaycan tatlarının kompakt yaşadığı sözügedən kəndlərin sakinləri Elm və Təhsil Nazirliyinə 2021 və 2023-cü ildə ünvanladıqları məktubda deyilir:
“Quba rayonunun Çiçi, Sirt Çiçi, Rəziyələr və Qənidərəsi kəndlərində əsasən tatlar yaşayırlar. Sirt Çiçi, Rəziyələr və Qənidərəsi kəndlərində orta məktəb olmadığı üçün, bu kəndlərin uşaqları natamam və tam orta təhsillərini Çiçi kənd orta məktəbində alırlar. Kənd sakinlərinin çəkib göndərdikləri, məktəbin ümumi vəziyyətini təsvir edən fotolar məktəbdəki vəziyyətin araşdırılması və vəziyyətin düzəldilməsi üçün köməklik göstərilməsini zəruri edir.
Məlumdur ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri yanaşı yaşayır, inkişaf edir. Dövlətimiz də bu xalqların mehriban və harmoniyada yaşaması üçün həm hüquqi zəmində, həm də praktiki müstəvidə tədbirlər görür. Bu il bir neçə etnik azlığın dilində dərsliklərin nəşr olunacağı haqqında yayılan məlumatlar görülən işlərin bir nümunəsidir. Bu işlərin davamı olacağını düşünərək, bizim üçün maraqlıdır ki, tat dilində dərsliklərin nəşri ilə bağlı hansı işlər görülür və ya görülməsi nəzərdə tutulur? Eyni zamanda bildiririk ki, lazım gələrsə, bu işdə əlimizdən gələn köməyi etməyə hazırıq”.
Kənd sakinləri daha bir məktubu Ekologiya və Təbi Sərvətlər Nazirliyinə ünvanlanıb. Sakinlər qeyd edir ki, dəfələrlə nazirliyə yazılı və telefonla ərazidəki meşələrin qırılması və talan olunması barədə müraciətlər ediblər:
“Təəssüflər olsun ki, müraciətlərə heç bir münasibət bildirilməyib. İllərdir müraciətlərimizə baxmayaraq bir nəfər gedib meşədə nə baş verdiyini araşdırmayıb. Kəndimizin ərazisində, vaxtı ilə çoxlu tut və qoz ağacları var idi. İndi nə o ağaclardan, nə də bağlardan əlamət qalmayıb. Səbəb isə maraqlar naminə etinasızlıq olub. Eyni hal bu gün də baş verir. Çiçi kəndi ərazisindəki meşələri, oduncaq adı altında yeşik taxtası üçün qırıb talayırlar. Meşələrin içərisindəki yollar asfalt yola bənzəyir. Çox yazmaq olar. İstərdik ki, nümayəndələriniz gəlsin, məhv edilmiş qoz, tut ağaclarımızın yerlərinə, meşələrin ortasında əmələ gəlmiş talalara və susuz həyətlərə baxsınlar, gələcəkdə baş verəcək fəlakətlərin qarşısının alınması üçün tədbirlər görsünlər”.
Təəssüf ki, adı çəkilən, daha doğrusu müraciət ünvanlanan dövlət qurumları ilə yanaşı, konkret tatların sadaladığımız problemlərinin həlli istiqamətində nə vətəndaş cəmiyyəti institutları, nə də media heç bir təşəbbüslə çıxış etməyib.
Həsən Hüseynov
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.