Qazaxıstanda məşhur olan bloger Əzəmət Sərsənbəyov (Azamat Sarsenbayev) növbəti dəfə həbs təhlükəsi ilə üz-üzədir.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bloger ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Qazaxıstanın qərbində qəzaya uğrayandan sonra ərazidən foto və videolar çəkib.
Məhz Əzəmət Sərsənbəyovun çəkdiyi yüksək keyfiyyətli foto və videolar Azərbaycan və dünya mediasına yayıldı.
Foto və videolardan aydın görünürdü ki, qəzaya uğramış təyyarənin gövdəsində qəlpələrdən əmələ gələn çoxsaylı dəliklər var. Həmin dəliklər təyyarənin quş sürüsü ilə toqquşma versiyasını istisna etdi, təyyarənin silahla vurulmasını və nəticədə idarəolunmaz hala gələrək qəzaya uğramasını təsdiqləmiş oldu. “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğradığı yeri dronla çəkib yayandan sonra bloger Qazaxstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Əzəmət Sərsənbəyovun saxlanmasına səbəb qəza yerinin çəkilişi olub.
Onun çəkdiyi kadrlardan “Reuters”, “The Guardian”, BBC və “Le Monde” başda olmaqla dünya mediası istifadə edib. Hər kəs Azərbaycan təyyarəsinin vurulması aydın olub. Əzəmət Sərsənbəyov barəsində Qazaxıstan Respublikası İnzibati Xətalar Məcəlləsinin 434-cü (Xırda xuliqanlıq) maddəsi ilə inzibati iş açılıb və iş materialları Manqustau Məhkəməsinə göndərilib. 15 dəqiqə davam edən məhkəmə Əzəmət Sərsənbəyovu Qazaxstan İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilib, barəsində 10 sutka inzibati həbs qərarı verib.
Əzəmət Sərsənbəyov azadlığa çıxandan sonra Türkiyə və Azərbaycandan onunla əlaqə saxlanıldığını, sənədli filmə çəkiliş üçün razılıq aldıqlarını qeyd edib. Eyni zamanda vurulan Azərbaycan təyyarəsini çəkdiyinə görə üzləşdiyi haqsızlıqlardan bezdiyini də gizlətməyib.

Əzəmət Sərsənbəyov növbəti dəfə həbs təhlükəsi ilə qarşılaşıb.
“İnstagram” sosial şəbəkəsinin istifadəçilərindən biri yerli hüquq-mühafizə orqanına onun haqqında şikayət edib.
“Bəs sosial şəbəkələrdə təhqirin inzibati xəta ilə əlaqəsi necədir? Xüsusilə xırda xuliqanlıqla bağlı? Sosial şəbəkələr nə vaxtdan ictimai yerdir? Demək olar ki, artıq başa düşdüm ki, bu “anlaşılmaz adam”ın ifadəsi əsasında məni 10 sutka inzibati həbslə həbs etməyə çalışacaqlar” – Əzəmət Sərsənbəyov sosial şəbəkədəki hesabında belə yazıb. Qeyd edib ki, o, heç kəsi təhqir etməyib.
Əlavə edib ki, məchul şikayətçi ərizəsini ger götürsə də, onun təqib olunması davam etdirilir.
“Əzəmət, bu rayon polis işçisidir, günortanız xeyir, dünənki işlə bağlı, ərizəçinin iddiadan imtina etməsinə və ərizəsini geri götürməsinə baxmayaraq, iş nomenklaturaya getməyib, ona görə də rəhbərlik sizin barənizdə 434-cü maddə ilə xırda xuliqanlıq maddəsi ilə inzibati işin açılmasını tələb edir”, - deyə rayon polisi açıq səslə dedi.
“Hmm, görürəm, çox maraqlıdır” dedim, içimdən başa düşdüm ki, məni açıq şəkildə 10 gün həbs etmək istəyirlər. Xırda xuliqanlığa görə maksimum cəza 10 gündür, ümumiyyətlə cərimə və ya işin bağlanmasını gözləmirəm. Bu söhbətdən bir saat keçməmiş bir polis əməkdaşı çağırış vərəqəsi ilə evimə gəldi, bildirdilər ki, ərizəçinin olub-olmamasından asılı olmayaraq, məni Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 434-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edəcəklər. Yaxşı, @mangistaupd məni sosial şəbəkələrdə xırda xuliqanlığa görə cəzalandırmaq üçün bu qədər həvəslidirsə, skrinşotların fotoşop olmadığını sübut etməyə çalışsınlar, çünki sosial şəbəkələrdə belə şeylər yazdığımı rəsmən etiraf etmirəm.
Dostlar, bu, artıq təhlükəli presedentdir, əgər polis məni Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 434-cü maddəsinə əsasən 10 sutka həbs edə bilsə, bu, sizin hər birinizə, istənilən sosial fəala, jurnalistə, bloggerə, hətta sosial şəbəkə istifadəçisinə, hər kəsə təsir edə bilər...”, - Əzəmət Sərsənbəyov sosial şəbəkə hesabındakı növbəti postunda yazıb.
Əzəmət Sərsənbəyov hələ ki, azadlıqdadır və yaxşı vəkil axtarışındadır.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan uçan Azərbaycana məxsus sərnişin təyyarəsi Qroznı aeroportuna enməli olsa da, Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Sonrakı araşdırmalar göstərib ki, mülki təyyarə Qroznı hava limanına eniş edərkən “Pantsir”lə vurulub. Nəticədə təyyarənin idarəetmə sistemi sıradan çıxıb və Aktau hava limanına qəza enişi edərkən yerə çırpılaraq parçalanıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla onlardan 42-si Azərbaycan vətəndaşı olub.
Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da sərəncam imzalayıb.
Ekipajın sağ qalmış üzvləri, təyyarə bələdçisi Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.