Ru
15:10 / 18 Aprel 2025

"Azərbaycan tolerantlığın unikal nümunəsidir"

"Azərbaycan tolerantlığın unikal nümunəsidir"
Eye

Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirləri ilə razılaşmasan belə, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Tolerantlıq din və vicdan azadlığıdır.

Tolerantlıq başqalarının haqqlarına və hüquqlarına hörmətdir. Tolerantlıq müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə qarşı insanın mədəniyyət səviyyəsinin ölçüsüdür. İnsanı təəssübkeşlikdən uzaqlaşdıran, radikallıqdan xilas edən ictimai amildir.

Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. Bunun ortaya çıxması dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş verən 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Tolerantlıq Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin at oynatdığı ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb.

Azərbaycanda isə bu ənənənin kökləri daha qədimlərə uzanır. Belə ki, eramızdan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan ərazilərində özlərinə daha rahat hiss edə bildilər. I əsrin ortalarında Hz.İsa peyğəmbərin ardıcılları Azərbaycan ərazilərinə qədəm basdılar. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi. Tarixçilər həmin dövrlərdə müsəlmanların müsəlman olmayanlara, xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı hörmətlə yanaşdıqlarını qeyd edirlər.


Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərib. Başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilib. Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc və mehriban yaşamasının unikal nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanıb və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilib.
Ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.



Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar.

Fotoda: Gündüz İsmayılov

Gündüz İsmayılov bildirib ki, müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir:

"Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Azərbaycan əhalisinin 95 faizi müsəlmandır. İslamın bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar dünyaya tolerantlıq nümunəsi göstərirlər. Ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir".

O qeyd edib ki, ölkədə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu əsas qanunda da öz əksini tapıb: “Konstitusiyaya əsasən, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhailər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər. Ölkədə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir”.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri hesab edilir:

Fotoda: Ceyhun Məmmədov

“Müxtəlif dinlərin nümayəndələri ölkədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Dövlət dinlərarası münasibətlərin tənzimlənməsi üçün davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir, həm islam, həm də qeyri-islam icmalarına maliyyə yardımları ayırır. Yəni, Azərbaycanda dövlətin diqqət və qayğısından yalnız müsəlmanlar deyil, bütün dinlərin nümayəndələri yararlanır. Dini ibadət yerləri də daim dövlət nəzarətindədir. Yalnız məscidlər deyil, həm də xristian kilsələri və yəhudi sinaqoqları da dövlət tərəfindən təmir və bərpa edilir. Məsələn, 2011-ci ildə Bakının mərkəzində sinaqoq inşa edilib və yəhudi vətəndaşların istifadəsinə verilib. Bundan başqa, paytaxtda erməni kilsəsi dövlət tərəfindən daim mühafizə edilir. Həmin kilsədə erməni dilində 5 min ədəbiyyat nümunəsi qorunub saxlanılır. Eyni zamanda, dövlət icmalarla görüşlər keçirir, dini bayramlarda Prezident İlham Əliyev müvafiq dinlərin nümayəndələrini təbrik edir. Qeyd etmək lazımdır ki, dövlət son illərdə respublikada yüzlərlə məscidi təmir etdirib. Şuşada, həmçinin işğaldan azad edilmiş digər ərazilərdə də dini abidələrin qorunması, eləcə də tolerantlığın inkişafı uğurla həyata keçirilir. Bu, bir daha sübut edir ki, ölkədə tolerantlığın inkişafı dövlətin xüsusi diqqətindədir”.

Sevinc,
BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar