Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.