Ermənistan konstitusiyasının preambulasında dəyişiklik məsələsini müzakirə edirik.
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkənin konstitusiyasının dəyişdirilməsi zərurətini şərh edərkən deyib.
Konstitusiya dəyişikliklərinin illər əvvəl müzakirə olunsa da, hazırda regional əhəmiyyət kəsb etdiyindən danışan Qalyan deyib:
“Həyatımız statik deyil, dinamikdir və daim dəyişikliklər olur, o cümlədən bəzən geosiyasi xarakterli dəyişikliklər baş verir. Bir çox situasiyaları proqnozlaşdıra bilmirik. Ona görə də müəyyən hallarda yeni reallıqları nəzərə almalıyıq. Amma konstitusiyanın dəyişdirilməsi ideyası əvvəllər də olub, konstitusiyanın yeni konsepsiyası üzərində iş 2019-cu ildən başlanılıb, o zaman konseptual yanaşmalar işlənib hazırlanmışdı və bizim vəzifəmiz ondan ibarətdir ki, bu, xalq tərəfindən qəbul olunacaq, yəni xalq referendumda iştirak edib, yeni konstitusiyanın olub-olmamasına qərar verəcək”, - nazir bildirib.
Qalyan vurğulayıb ki, konstitusiyanın dəyişməz müddəalarının məzmunu və mənası dəyişdirilə bilməz. Preambulaya dəyişikliyə gəlincə, nazir deyib ki, bu, hələlik müzakirə mərhələsindədir.
Xatırladaq ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan həmin məqamın Ermənistan konstitusiyasından çıxarılmasını tələb edir.