Ru
20:15 / 10 Dekabr 2024

Azərbaycanda Çin avtomobillərinə maraq niyə artır?

Azərbaycanda Çin avtomobillərinə maraq niyə artır?
2769

Son vaxtlar avtomobil bazarında Çin istehsalı olan avtomobillərə maraq kəskin artıb. Bu gün avtomobil sahibi olmaq istəyən insanların çoxu Çin istehsalı olan nəqliyyat vasitələrinə üstünlük verir. Ekspertlər hesab edirlər ki, əhalinin Çin istehsallı avtomobillərə maraq göstərməsinə səbəb onların ucuz və daha cəlbedici olmasıdır. Çin avtomobilləri dizayn baxımından da yeniliklə zəngindir. Eyni zamanda, Azərbaycanda avtomobil bazarında qiymətləri nisbətən uyğundur.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakupost.az -a bildirib ki, Çin avtomobillərinə artan marağın bir sıra səbəbləri var. Ən başlıca səbəb Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən məhdudiyyətlərlə bağlıdır:

“Məlum olduğu kimi, ölkəyə avtomobillərin idxalını azaltmaq üçün müəyyən tələblər irəli sürülüb. Tələblərə əsasən, istehsal ili 10 ildən yuxarı olan avtomobillərin idxalı birmənalı şəkildə qadağan edilib. Bu və ya digər tələblər təbii ki, bazara öz təsirini göstərir. Əvvəllər vətəndaşlar daha çox Almaniyadan və digər ölkələrdən gətirilən avtomobillərə üstünlük verdikləri üçün Çin, Hindistan, İran, Rusiya və digər ölkələrin istehsalı olan avtomobillərə maraq çox az idi. Lakin son qadağa məcbur edir ki, bundan sonra ölkəyə nisbətən yeni avtomobillər gətirilsin. Avropa və bəzi ölkələrdən gətirilən avtomobillər çox baha olduğu üçün avtomobil həvəskarları məcburən Çin istehsalına üz tutmalı olurlar. Çünki, Çin avtomobilləri daha ucuz və əlçatandır”.



Ekspertin sözlərinə görə, Çin artıq sübut edir ki, istehsal etdiyi avtomobillər keyfiyyətinə, dizaynına və komfortuna görə populyar brendlərdən heç də geri qalmırlar:

“Doğrudan da, son vaxtlar Çin avtomobillərinin keyfiyyəti kəskin şəkildə yüksəlib. Digər bir məqamsa, Çin avtomobillərinin ekoloji cəhətdən çox sərfəli olmasıdır. Çinin istehsal etdiyi elektromobillərə, hibridlərə heç də hər kəs laqeyd qala bilmir”.

Ərşad Hüseynov vurğulayıb ki, bu avtomobillər az yanacaq sərf etmələrinə rəğmən, bir sıra məşhur brendlərindən daha komfortludur. Başqa bir səbəbsə Çin avtomobillərinin rəsmi dilerlərinin ölkəmizdə geniş şəbəkəyə malik olmasıdır:

"Bu nümayəndəliklər çox yaxşı təbliğat işi aparırlar. Tez-tez maraqlı təqdimatlar olur. Bütün bunlar da Çin avtomobilinə marağı günbəgün artırır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyir ki, son illərdə Çinin avtomobil sənayesi çox inkişaf edib:

“Çin bu gün bütün dünyaya, o cümlədən, inkişaf etmiş ölkələrə avtomobil ixrac edir. Onların avtomobilləri əsasən, dizayn və qiymətinə görə alıcıların marağındadır. Bu səbəbdən də bu avtomobillərin Azərbaycanda da payı artır. Bu gün Azərbaycandan alıcılar Rusiya istehsalı olan avtomobilləri Çin istehsalı olanlarla əvəzləyirlər. Getdikcə ölkədə Çin avtomobillərinin sayı artacaq. Çində keyfiyyətli istehsal olunan eleketrik mühərrikli avtomobillərin ölkəmizə idxalı sürətlənə bilər. Bu, özü-özlüyündə yaxşı bir haldır. Dövlətin məqsədi ölkənin ekoloji sisteminin yaxşılaşdırmasıdır”.



Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, Azərbaycanda son zamanlar satılan yeni avtomobillər içərisində Çin istehsallı avtomobillərin payı böyükdür:

“Azərbaycan cəmiyyətində bahalı avtomobillərə o qədər də maraq yoxdur. Eyni komplektasiya, quruluş və gözəllikdə olan avtomobillər arasında ucuz maşınlara üstünlük veririk. Bu seqmentdə olan bazarı da Çin avtomobilləri təmin edə bilir. Qərb istehsalı olan məşhur brend avtomobillərlə müqayisədə Çin avtomobillərinin qiyməti yarıbayarı aşağıdır. Ona görə də həmin maşınlara maraq artıb”.



İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əvəllər Çin avtomobillərinin keyfiyyət problemi var idi. İndi bu problem aradan qalxıb. Bu da onların alıcılar arasında imicini artırıb:



"Azərbaycanda ən yaxşı kredit və lizinq təkliflərini Çin avtomobillərini satan şirkətlər təklif edirlər. Məhz buna görə də ölkədə Çin avtomobillərinə maraq artıb. Təkcə Azərbaycanda deyil, dünyada Çin avtomobillərinə böyük maraq göstərirlər. Ötən il Çin ilk dəfə olaraq ən çox avtomobil istehsal və ixrac edən ölkə oldu. Almaniya və Yaponiyanı keçdi. Hesab edirəm ki, Çin avtomobillərinə maraq bundan sonra daha da artacaq”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar