Azərbaycanda son illər həm uşaqların, həm də çoxuşaqlı ailələrin sayı xeyli azalıb. Əhalinin maddi rifahının aşağı düşməsi, işsizlik kimi amillər çoxuşaqlı ailələrin sayını azaldır. İndi insanlar az uşaq böyüdüb onlara yaxşı təhsil verməyi üstün tuturlar. Amma çoxuşaqlı ailələrin sayının azalmasının başqa səbəbləri də var.
Ekspertlərin fikrincə, ilk növbədə ailə planlaşdırması və sosial-iqtisadi çətinliklər gənc ailələrin az uşaq dünyaya gətirməsinə təsir edir. Bundan əlavə, şəhərləşmə və karyera hədəfləri də ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına təsir edən mühüm amillərdən biridir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 1 milyon 347 min 534 çoxuşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.
Millət vəkili Vüqar Bayramov deyir ki, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır:
“Çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədə uyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çoxuşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilməkdədir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir”.
Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, çoxuşaqlı ailələr şəhər əhalisinə nisbətən, bölgələrdə daha çox olub. Müasir dövrdə şəhərləşmənin sürətlə inkişafı çoxuşaqlı ailələrin azalmasının əsas səbəblərindən biridir. Çünki müasir dövrdə şəhər mühitində uşaq böyütmək valideynlər üçün yalnız qida və geyim qayğılarından ibarət olmur. Kənar xərclərin, əyləncənin təşkili üçün uşağa xərclənən məbləğ ailədəki uşaqların sayının büdcə potensialına uyğunlaşmasını tələb edir:

“Keçmişdə bölgələrdə yaşayan ailələr daha çox kənd təsərrüfatı ilə məşğul olduqları üçün ilk növbədə doğulan hər bir uşağa köməkçi işçi qüvvəsi kimi yanaşılırdı. Eyni zamanda, bölgələrdə uşaqların geyim, əyləncə, təhsil xərcləri xüsusi qayğı tələb etmirdi. Bir geyimi bəzən 4-5 uşaq bir-birinə ötürərək istifadə edirdi. Onların müasir şəhər uşaqlarından fərqli olaraq yeməklə bağlı xüsusi tələbləri, cürbəcür rəngli və müxtəlif funksiyalı oyuncaqlara ehtiyac olmurdu. Hər şey təbii və qaneedici idi. Uşaqlar kollektiv oyunlarla öz əyləncələrini təşkil edirdilər. Əmək prosesinin içərisində oynaya-oynaya böyüyürdülər. Bəzən valideynlər heç uşaqların tərbiyəsi üçün də xüsusi vaxt ayırmırdılar. Ailələr və uşaqlar sosial mühitdə, birgə əmək şəraitində olduqları üçün mühit özü hər kəsi tərbiyələndirirdi. Ancaq müasir dövrdə hətta regionlarda belə şəhərləşmənin və şəhər dəyərlərinin artması ailələrin öz uşaqları ilə bağlı qayğılarını da çoxaltmış olur. Bu isə sözsüz ki, ilk növbədə ailələrin uşaq planlamasında onların sayının azalmasına gətirib çıxarır”.
Bu gün şəhərlərdə yaşayan ailələr bir və ya iki uşaqla kifayətlənir. Şəhərdə 3-4 uşaqlı ailələrə çox az-az rast gəlinir. 5 və daha çox uşaqlı ailələrə yalnız bölgə və kəndlərdədir.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, ölkəmizdə təbii artım heç vaxt olmadığı qədər azalmaqdadır. 2024-cü ilin statistikasına baxdıqda, 2022-ci ilə nisbətən 15 faiz azalma müşahidə olunur:
“Azərbaycanda çoxuşaqlı ailələr həmişə üstünlük təşkil edirdi, xüsusilə sovet dövrünə qədər və sovet dövründə. Lakin 2019-cu ildən etibarən çoxuşaqlı ailələrin sayında kəskin azalma müşahidə olunur. Bunun bir çox səbəbi var. Bu səbəblərdən biri odur ki, artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib. Qloballaşma təsirini göstərir, insanlar düşünür ki, çoxuşaqlı ailə olmaq yerinə, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Digər bir məsələ isə insanların daha eqoist yanaşmasıdır. Onlar ailə və uşaq məsuliyyətindən qaçmağa çalışırlar. Bu yanaşma evliliklərin sayında da azalmalara səbəb olub və nəticə etibarilə doğum səviyyəsinin aşağı düşməsinə təsir edir”.
Sosioloq deyir ki, dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri-monetar imtiyazlar ayırmalıdır:
“Sovetlər dönəmində uşaqpulu demoqrafik siyasəti dəstəkləyən addım kimi istifadə olunan alət idi. Uşaq pulları bərpa olunarsa, bu, demoqrafik siyasətə təkan verər və çoxuşaqlı ailələrin sayı artar. Bununla yanaşı, müavinətlər artırılmalı, gənclərin məşğulluğu üçün tədbirlər görülməli və gənc ailələrə əlavə dəstək göstərilməlidir ki, təbii artımda maraqlı olsunlar".
O əlavə edib ki, təbii artımın aşağı düşməsi eyni zamanda orta perspektivdə əmək bazarına və səfərbərliyə də təsir edə bilər. Təbii artım aşağı düşərsə, mexaniki artımla əhali sayı arta bilər. Bu da yaxşı nəticə verməz, çünki Avropa mexaniki artım hesabına miqrant ekspansiyası ilə qarşılaşıb. Əgər demoqrafik siyasət dəstəklənməsə, bənzər vəziyyət Azərbaycanda da ola bilər: “Güman edirəm ki, bu tədbirlər həyata keçirilsə, doğum sayında artım olar”.
Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.
Çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələr üçün ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur.
Bəzi ölkələrdə isə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Onlara həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir.
İsveçdə isə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir.
Finlandiyada isə çoxuşaqlı ailələrə müxtəlif sosial müavinətlər verilir.
Almaniyada çoxuşaqlı ailələrdə uşaqların imtiyazları yaşa görə fərqlidir.
Rusiyada çoxuşaqlı ailələrə 30 il müddətində ilkin ödənişsiz ev krediti verilir. Orada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda ikinci uşaqdan başlayaraq uşaq pulunun verilməsi ölkənin gələcəkdəki demoqrafik problemlərinin yaranmamasına səbəb ola bilər:
“Ailələr ikinci, üçüncü uşağı dünyaya gətirməyə çox vaxt risk etmirlər, maddi çətinliklərdən çəkinirlər. Ona görə də ikinci uşaqdan başlayaraq ailələrə müəyyən yardımın olması Azərbaycanın gələcəkdə demoqrafıq problemlərinin qarşısını ala biləcək faktora çevrilə bilər. Bu baxımdan, uşaq pulu məsələsi həllini tapmalıdır”.
Sevinc,
BakuPost
QEYD:Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;" mövzusunda hazırlanıb.