2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 1994-cü il təvəllüdlü İlkin M.-ə hökm oxunub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi İlkini Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.
Ona 5 il 3 ay həbs cəzası verilib.
Bildirilib ki, İlkin həmin vaxt polis əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən və evindən 20 ədəd saxta 100 dollarlıq əskinaslar, FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin “Bahar neşidesi”, “Hakka adanmışlar yolu: Çağ ve nesil - 10”, “Hüzmeler ve iktibaslar”, “İla-yi kelimetullah ve ya cihad”, “Kirik testi” kitablarının PDF formatının əks olunduğu fləşkart və digər çap nümunələri və təbliğat vasitələri götürülüb.
Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev də saxlanılıb. Onların barələrindəki işlər də məhkəmələrə göndərilib.