Ru
15:54 / 23 Noyabr 2023

Azərbaycanda işləyən şirkət "müharibənin sponsorları" siyahısına salındı

1514
Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi (NAPK) Rusiyada tikinti sənayesində ən böyük alman investoru olan Knauf-u beynəlxalq müharibə sponsorları siyahısına əlavə edib.

Bakupost.az "Ukrainskaya pravda"ya istinadla yazır ki, bu barədə cümə axşamı NAPK-ın yaydığı məlumatında deyilir.

Qurumdan bildiriblər ki, 2022-ci ildə "dünyanın ən böyük tikinti materialları istehsalçılarından biri olan Knauf Rusiya Federasiyası terror-dövlətinin büdcəsinə təxminən 117 milyon dollar ödəyib".

Bundan əlavə, alman şirkəti öz işçilərini Ukraynaya qarşı müharibəyə göndərərək Rusiyada səfərbərliyi fəal şəkildə təbliğ edir. Bu, NAPk-ın Knauf-u müharibənin beynəlxalq sponsorları siyahısına daxil eməsi üçün əsas olub.

Ümumilikdə, 1993-cü ildən bəri Knauf Rusiya iqtisadiyyatına 1,65 milyard avrodan çox sərmayə qoyub.

Şirkət Rusiya Federasiyasında on törəmə müəssisə, iyirmi fabrik və otuza yaxın resurs mərkəzi ilə təmsil olunur. Almaniyanın tikinti materialları istehsalçısının Rusiya Federasiyasında işçilərinin sayı 4 min nəfərdir.

“Bu gün Knauf Rusiya tikinti sənayesində ən böyük alman sərmayədarıdır”, - bəyanatda deyilir.

NAPK bildirib ki, Knauf-un rəhbərliyi də Kreml rejimi ilə sıx bağlıdır:

"Şirkətin həmsahibi Nikolaus Vilhelm Knauf 23 il ərzində - 2022-ci ilin mart ayına qədər Rusiya Federasiyasının Nürnberqdəki nümayəndəliyində fəxri konsulu statusuna sahib olub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra şirkət rəsmi olaraq açıq şəkildə bildirib ki, işğalçı ölkənin bazarını tərk etmək üçün heç bir səbəb görmür".

Məsələ ilə bağlı Knauf-dan verilən açıqlamada qeyd edilib ki,iyasi və kommersiya şərait imkan verənə qədər şirkət Rusiyada qalacaq:

"Biz 4 mindən çox işçi və onların ailələri, həmçinin müştərilər və təchizatçılar üçün açıq şəkildə məsuliyyət daşıyırıq. Bizim onların çoxu ilə uzun illərdir ki, əla əlaqələrimiz var”.

2022-ci ilin oktyabrında Alman mediası Knauf-un öz işçilərinin Rusiya silahlı qüvvələri sıralarına səfərbər edilməsini dəstəklədiyinə diqqət çəkib:

"Məsələ burasındadır ki, Moskva yaxınlığındakı Krasnoqorskdakı “Knauf” zavodunun rus menecerləri istehsalatda həqiqətən ehtiyac duyulan və müharibəyə göndərilə biləcək məhsulların siyahısını hakimiyyətlə razılaşdırırdılar. Çağırış vərəqəsini alanların bəzilərini hətta şirkət öz mikroavtobusları ilə hərbi komissarlığa aparıblar".

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, müharibəyə baxmayaraq, Almaniyanın mülki silahları hələ də Rusiya Federasiyasına ixrac edilir.

Bu ilin payızında isə Almaniyada Orlan-10 pilotsuz təyyarələri üçün mühərrikləri Rusiyaya satan bir sahibkar həbs olunub.

Buna baxmayaraq, Almaniyanın Rusiyaya ixracı azalmaqda davam edir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar