"Pandemiyadan əvvəl hər həftə Gürcüstanda MMA “dünya çempionatı” keçirilirdi. Bir avtobus adam dolub gedir, guya dünya çempionu olub qayıdırdılar. Bunlar nəinki lisenziyası olmayan, heç adı bilinməyən klublar tərəfindən təşkil olunan yarışlardır. Həmin klublar xoruz döyüşü kimi yarışlar keçirirdilər".
Bakupost.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Kürşad Rafiq Qasımov bildirib.
O qeyd edib ki, ölkəmizdə də son vaxtlar belə yarışlar geniş vüsət alıb: "Mən də tez-tez qarşılaşıram bu halla. Klublarda, məktəb zallarında adı “Avropa çempionatı” qoyulan yarışlar keçirilir. Amma bu yarışlarda Azərbaycandan başqa ölkə iştirak etmir".
Müsahibimiz qeyd edib ki, Gənclər və İdman Nazirliyi bununla bağlı ölçü götürməlidir:
“Ümumiyyətlə Nazirlik və tabeliyində olan idarələrin icazəsi olmadan yarışların keçirilməsinin qarşısı alınmalıdır. Klub yarışları sektorların, region yarışlar isə regional idarələrin nəzarətində olmalıdır. Yoxsa bu fırıldaqçı müəllimlər gənclərimizin, uşaqlarımızın gələcəyini heç nə edirlər. Onları aldadır, müxtəlif titullar, kəmərlər uydururlar. Bu hallarla çox rastlaşırıq. Belə yarışlarda da valideynlərdən giriş haqqı üçün 100, 150, 200 manat alırlar, nəticədə də heç yerdə tanınmayan dəmir medal verirlər. Həmin medallar sabah Gənclər və İdman Nazirliyi tərəfindən tanınmır”.