Dünyada süni mayalanmanı ingilis alimləri Patrik Steptou və Robert Edvards 13 illik elmi araşdırmalardan sonra ilk dəfə 1978-ci ildə tətbiq ediblər. Beləcə Yer kürəsinin süni mayalandırma yolu ilə ilk uşağı - Luiza Braun adlı qız dünyaya gəlıb. Süni mayalandırma keçmiş SSRİ-də 1986-cı, Azərbaycanda isə 2004-cü ildən tətbiq olunub.
Hazırda dünyada süni mayalandırma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Yaponiyada isə hər 11,6 uşaqdan biri ekstrakorporal mayalandırma yolu ilə dünyaya gəlir. Azərbaycana gəlincə, qeyri-rəsmi məlumatlara görə, hər il 1000-dən artıq ailə süni mayalandırma üçün müraciət edir. 2022-ci ildə açıqlanan rəsmi məlumata görə isə 85 000-90 000 süni mayalanma icra olunub. 10 il əvvəl isə bu göstərici 3-4 min civarında olub.
Rəqəmlər göstərir ki, Azərbaycanda süni mayalandırmaya təlabat ildən-ilə artır.
Bəs, bu sahədə əsl vəziyyət necədir?
Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Artıq 21 ildir ki, ölkəmizdə süni mayalandırmanın tətbiq olunmasına baxmayaraq, hələ də məsələnin hüquqi cəhətən tənzimlənməsi ilə bağlı ciddi boşluqlar var. Eyni zamanda süni mayalandırma ilə bağlı tibbi praktika qeyri-şəffafdır. Bu isə etik pozuntular və gələcəyimiz üçün ciddi genetik təhlükələr vəd edir. Bu gün ölkədə bu sahədə baş verənlər təkcə fərdi dramlar deyil, həm də cəmiyyətin genetik təhlükəsizliyinə qarşı sistemli bir təhdiddir.
Qanunun qəbulu niyə yubanır?
Qeyd etdiyimiz kimi, uzun illərdir Azərbaycanda süni mayalanma prosedurları həyata keçirilsə də, bu sahənin fəıaliyyətini tənzimləyən qanun hələ də qəbul olunmayıb. 2013-cü ildə hazırlanan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin bəzi maddələri ictimai narazılıq doğurduğundan geri çağırılıb. O vaxtdan indiyədəq bu qanunun qəbulu müşkülə düşüb.
Məlumatlara görə, ötən il bu məsələ Milli Məclisdə yenidən gündəmə gətirilib. Hətta qanun layihəsini hazırlayan deputatlara müəyyən təkmilləşdirmə işləri aparmaq təklif olunub. Amma hansısa səbəbdən sonradan proses yenə də yarımçıq saxlanılıb.
Nəticədə süni mayalanma sahəsində həm tibbi, həm etik, həm də hüquqi cəhətdən tənzimləmələrlə bağlı ciddi boşluqlar mövcuddur,
Donorların təkrarlanması - Genetik fəlakət təhlükəsi
Ən təhlükəli məqamlardan biri eyni donorlardan övlad sahibi olmaq istəyən müxtəlif ailələrdə istifadə olunmasıdır. Bəzi klinikalar eyni şəxsin spermasından 10-20 ailə üçün istifadə edir. Bu isə gələcəkdə bilmədən bacı-qardaş evlənmələri kimi real genetik fəlakətlərə yol aça bilər.
Digər vacib məsələ isə qapalı, qeyri-şəffaf fəaliyyət göstərən klinikaların donor məlumatlarına dövlətin nəzarət imkanlarının olmamasıdır.
Çoxdöllü hamiləlik və sağlamlıq riskləri
Azərbaycanda süni mayalanmanın uğurlu alınması üçün bəzən bir neçə embrion eyni anda ana bətninə yerləşdirilir. Bu isə əkiz, üçəm, hətta dördəm hamiləliklərə yol açır. Nəticədə ana ölümü, erkən doğuş, uşaqlarda fiziki inkişaf geriliyi və sağlamlıqla bağlı digər ciddi problemlər ortaya çıxa bilər.
Halbuki süni mayalanma ilə bağlı sərt qanunvericiliyin mövcud olduğu bir sıra ölkələrdə, eləcə də qonşu Türkiyədə embrion sayı qanunla tənzimlənir. Məsələn, bir çox ölkələrdə anan bətninə maksimum iki embrion yerləşdirməyə icazə verilir.
Klinikaların “qara bazarı”: Pul, təzyiq və qanunsuz təkliflər
Qeyri-rəsmi məlumatlara görə, donor olan şəxslərə kişilər üçün 100 AZN, qadınlar üçün 500 AZN ödənilir. Maddi ehtiyac səbəbindən bəzi qadınlar dəfələrlə yumurtahüceyrə verir. Bu, onların sağlamlığı üçün hormonal pozuntular, sonsuzluq və digər ağırlaşmalarla nəticələnə bilər.
Bəzi hallarda isə həkimlər, ailənin övlad sahibi olmaq ümidsizliyindən istifadə edərək, subay qardaşın donor olmasını təklif edir. Bu isə etik və tibbi baxımdan qəbuledilməzdir.
Reklamlar qadağan edilsə də, açıq-aşkar davam etdirilir
2017-ci ildə Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Sənədlə hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağan edilib. Lakin real vəziyyət tam fərqlidir.
Belə ki, bir sıra klinikalar sosial şəbəkələrdə sponsorlu reklamlar yerləşdirir. Bundan başqa televiziya verilişlərində süni mayalanma ilə bağlı uğur hekayələrinin, klinikaların saytlarında isə süni mayalanma əsas xidmətlərdən biri kimi təqdim olunması hallarına rast gəlinir.
Məhkəmə qalmaqalları - Ailələr aldadılır
Ötən il süni mayalanma ilə bağlı baş verən qalmaqal yəqin ki, hər kəsin yadındadır. Belə ki, süni mayalanma etdirən ailədə boşanma qərarı verdikdən sonra atalıqla bağlı tərəddüdlər meydana çıxmışdı.
Xəbərdə bildirilirdi ki, ərlə arvad arasında 2005-ci nikah bağlanıb. Övladı olmayan cütlük dörd il sonra - 2009-cu ildə tibb müəssisələrindən birinə müraciət edərək türkiyəli həkim Öndər Tulumbacının rəhbərliyi ilə süni mayalanma etdiriblər. Nəticədə cütlüyün əkiz övladı doğulub. Lakin uşaqlar doğulandan 7 il sonra cütlük boşanıb və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənib.
Həkim isə ailənin bu məsələdən əvvəlcədən xəbərdar olduğunu iddia edirdi. Bu cür hadisələrin yaşanması bir daha təsdiq edir ki, Azərbaycan süni mayalanma sahəsində hüquqi xaos mövcuddur.
Çıxış yolu nədir?
Əgər bu sahədə nəzarət mexanizmləri və qanunvericilik təcili şəkildə formalaşdırılmazsa, Azərbaycanda gələcəkdə sosial və genetik faciələr qaçılmaz olacaq. Bu səbəbdən də mütəxəssislər hesab edir ki, Azərbaycanda süni mayalanmanı tənzimləyən xüsusi qanun qəbul olunmalı, donorların qeydiyyat sistemi yaradılmalı, limitlər qoyulmalı, embrion sayı ilə bağlı tibbi protokollar tətbiq edilməlidir.
Bundan başqa, süni mayalanmanın reklam olunması ilə bağlı qadağaya əməl olunmalı və buna nəzarət gücləndirilməlidir. Eyni zamanda cəmiyyətə süni mayalndırma ilə bağlı düzgün maarifləndirmə aparılmalıdır.
Əlbəttə, sonsuzluqdan əziyyət çəkən ailələrin övlad sahibi olması onlara ümid və xoşbəxtlik bəxş edə bilər. Amma süni mayalanmanın qanunsuz tətbiqi təkcə ailələr ümün deyil, bütövlükdə cəmiyyət üçün faciələrə səbəb ola bilər. Hüquqi, etik və tibbi boşluqların qapadığı qaranlıq otaqlarda gələcəyimiz planlaşdırılır – amma heç kim bu gələcəyin necə olacağını bilmir.
Növbəti yazımız süni mayalanma ilə məşğul olan özəl klinikalar və onların reklamla bağlı qadağaları kobud şəkildə pozması ilə bağlı olacaq.
Aygün,BakuPost