Ötən gün Rusiyanın Yakutiya vilayətində 50 min il əvvələ aid mamont cəsədinin tapılmasına dair xəbər vermişdik.
Xəbərdə bildirilirdi ki, dünya üzrə tapılan altı mamont cəsədindən beşi Rusiya ərazisində aşkar edilib.
Mövzuyla bağlı redaksiyamıza müraciət edən Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə
Bakupost.az -a bildirib ki, Rusiyada tapıldığı iddia edilən 5 mamontdan biri, əslində, Azərbaycanda tapılıb:
"1963-1964-cü illərdə mən Kürdəmirdə 7-ci sinifdə oxuyurdum. Zoologiya müəllimim hər dəfə danışırdı ki, Azərbaycanda mamont tapılıb. Deyirdi ki, həmin mamont Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılır. Uşaq həvəsimlə həmişə oranı görmək istəyirdim. Babamgil Bakıda yaşayırdı, ora gələndə dedim ki, gedib o mamontu görmək istəyirəm. Böyük qardaşımla gedib gördük ki, mamont yoxdur. Muzey işçisindən soruşduq, dedi ki, bizdə var idi, Binəqədi Qır gölündə tapılmışdı. Daha sonra Rusiyadan dedilər ki, onu verin bizə, üzərində araşdırma aparmaq istəyirik, qaytaracağıq. Apardılar Sankt-Peterburqa".
Fuad İslamzadə bildirir ki, üstündən 60 il keçməsinə baxmayaraq, həmin mamontun qalıqlarını qaytarmayıblar:
“Keçən gün sizin saytda yazı gördüm ki, Rusiyada mamont tapılıb. Yazılmışdı ki, dünya üzrə tapılan altı mamont cəsədindən biridir. Onların beşi Rusiya ərazisində aşkar edilib. Lakin Azərbaycanın adı çəkilməmişdi. Ruslar bizim paleontoloji sərvətimizə də yiyələniblər”.
Rəhman Mirzəlizadə, BakuPost