Qusarda xəstəxanada pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsi barədə yayılan məlumatlar araşdırılır.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə prokuroqrluqda araşdırma gedir.
Bununla bağlı yayılan “WhatsApp” yazışmaları da araşdırma predmetidir.
Qeyd edək ki, bir müddət əvvəl "Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimələnib.
Məlumata görə, cərimə edilmə faktı da aparılan araşdırma çərçivəsində baş verib.
****
13:27
Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.
Bakupost.az xəbər verir ki, məlumatı “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb.
Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin Vatsap qrupuna bu cür mesaj göndərib:
“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”.
Bu yazışma tibb işçiləri arasında ciddi narazılıq yaradıb. İddialara görə, yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə Vatsap qrupu bağlanıb.
“Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu Vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”, – deyə M.Mehdiyev qeyd edib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.