Azərbaycanın görkəmli balet ustası, Azərbaycan SSR Xalq artisti Tamilla Şirəliyeva vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Opera və Balet Teatrından məlumat verilib.
Bildirilib ki, Tamilla Şirəliyeva 79 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Tamilla Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib.
Tamilla Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 1970-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.