56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşanın Przemışl şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Polşa sərhədçiləri insan orqanlarının alveri ilə məşğul olan cinayətkar qrupun üzvü, 35 yaşlı Ukrayna vətəndaşını saxlayıb. Qazaxıstanda qadına qiyabi olaraq 12 il həbs cəzası verilib.
Qadın martın 6-da İnterpolun sorğusu əsasında Polşa ilə Ukrayna arasında dəmir yolu keçidində saxlanılıb. Saxlanılan şəxs 2020-ci ilin noyabr ayından axtarışda olub. Qazaxıstan xüsusi xidmət orqanlarının məlumatına görə, qadın 2017-2019-cu illərdə cinayətkarlıqla məşğul olub. Onun qurbanları arasında Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand vətəndaşları olub.
Dindirmədən sonra prokurorluq rayon məhkəməsinə həbs edilən şəxsin sonradan ekstradisiyası üçün 7 sutka müddətinə həbs edilməsi barədə vəsatət qaldırıb.