Xəbər verdiyimiz kimi, "Comex" birjasında (Nyu-York əmtəə birjasının bir bölməsi) keçirilən ticarət sessiyasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troya unsiya üçün 2800 dolları keçib. Son bir neçə ayda qızılın qiyməti davamlı olaraq artmaqdadır. Bu tendensiya investorların qızıla olan marağının artması ilə izah olunur.
Bəs, rekord bahalaşmanın səbəbləri nədir? Bu bahalaşma Azərbaycanda qızıl bazarına necə təsir göstərir?
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, son günlər dünya bazarlarında qızılın qiymətində rekord bahalaşma - təxminən 5-10 faizlik artım müşahidə edilir. Qızılı bahalaşdıran səbəblər var:
"Birinci səbəb ABŞ və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini aşağı salmasıdır. Bu zaman sərbəst vəsaitlər artır və bunun bir hissəsi də qızılın alışına yönəlir. Bu da qiyməti bahalaşdırır. İnvestorlar indidən qızıl alırlar ki, sonradan daha baha qiymətə sata bilsinlər. Bahalaşmanın ikinci səbəbi dünya iqtisadiyyatında ciddi şəkildə qeyri-müəyyənliyin olmasıdır. Tarixən iqtisadi tənəzzül zamanı və yaxud iqtisadi böhran gözləntiləri olanda qızıla tələbat artır. İnvestorların böhran zamanı öz vəsaitlərini qorumaq üçün qızıla marağı artır. Çünki qızıl "güvənli liman" rolunu oynayır".
Ekspert vurğulayıb ki, Rusiyaya qarşı sanksiyaların artması da qızılla ödənişləri aktuallaşdırır: “Məsələn, son zamanlar Rusiyanın Mərkəzi Bankı dünyada ən çox qızıl alan mərkəzi banklardan birinə çevrilib. Bu da ondan xəbər verir ki, sanksiyalara görə artıq fiziki qızılla dünyada müəyyən ödənişlərin edilməsi praktikası genişlənir. Bu amillər qızılın qiymətinin artmasına səbəb olur".
Qızılın qiyməti qalxasının Azərbaycan bazarına təsirinə gəlincə, Natiq Cəfərli qeyd edib ki, ölkənin qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir. Dünyada qızılın qiyməti artan kimi, eyni proses bizdə də baş verir. Hazırda qızılın qramının qiymətində artım müşahidə olunur. Riskli olan qızılın qiymətinin artmasıdır. Çünki qızıl bahalaşanda yenidən əvvəlki səviyyəyə çox gec düşür, bəzən isə ümumiyyətlə, qiymət enmir. Hazırda qızıl bazarında qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o qazanc əldə etməyəcək".
Sevinc,
BakuPost