Ru
13:35 / 17 İyul 2024

Bahalaşma davam edəcək - Ekspertdən bəd xəbər

3019
Məlum olduğu kimi, artlq bir neçə gündür ki, market və bazarlarda 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər.


Mövsümi tərəvəzlərin qəfil bahalaşmasının səbəbi nədir?




Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, yay mövsümündə kənd təssərüfatı məhsullarının qiymətinin belə kəskin dəyişməsi bu sahədəki qeyri-tarazlıqlarla bağlıdır.

Onun sözlərinə görə, təklif olunan kənd təsərrüfatı məhsullarının həcmi kifayət qədər deyil:

"Digər tərəfdən, ixraca və daxili bazara göndərilən məhsullar arasında tarazlıq pozulub. Bu da qiymətlərə ciddi təsirlər göstərir. Qiymətlərin qalxmasına təkan verən əsas amillərdən biri də kənd təsərürfatı məhsullarının bazara çıxarılmasındakı problemlərdir. Yəni ticarət halqalarında vasitəçilərin böyük paya malik olmasıdır. Kənd təsərrufatı məhsullarının istehsalı ilə bağlı xərclərdə idxalın payı da çoxdur. Gübrə təsərrüfatından tutmuş, inkişafa yönələn kreditlərin yüksək olmasına kimi bir sıra amillər sistemli şəkildə qiymətlərin yüksəlməsinə təsir göstərir".

Ekspert qeyd edib ki, ilk növbədə sadalanan problemlərin aradan qaldırılması nail olunmalıdır:

"Əks halda qiymətlərdəki kəskin dəyişmələr, bahalıq davam edəcək. Hansısa dönəmdə ola bilsin ki,bir qədər enmələr müşahidə edilsin. Bu da onunla bağlı ola bilər ki, daxili bazara daha çox məhsullar çıxarılsın və ucuzlaşma olsun. Amma son nəticədə sadalanan problemlər aradan qaldırılmasa, qiymətlərdəki qeyri-tarazlıq, qiymət artımları davam edə bilər”.


İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, hazırda ölkədə qiymət artımı gözləntisi formalaşıb. Bu da istər-istəməz qiymətlərə təsir edir:


“Bu gün bütün siyasət onun üzərində qurulub ki, xarici bazarlarda daha çox kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz satılsın. Orada həcm artdıqca daxili bazarda çatışmazlıq olur və qiymət yüksəlir. Qiymət artımının ən başlıca səbəbi dizel yanacağı ilə bağlıdır. Məlumdur ki, bir neçə həftə bundan öncə dizel yanacağının qiymətində kəskin artım oldu. Dizel yanacağının qiyməti birdən-birə 25 faiz artdı. Aqrar sahədə, kənd təsərrüfatında dizel yanacağı mal və məhsulların maya dəyərində çox önəmli rol oynayır. Dizel yanacağının bəzi məhsulların maya dəyərində 40-45 faiz, ortalama isə 30 faizdən yuxarı payı var. Sadalanan bu iki əsas səbəbə görə ölkə bazarlarında arzuolunmaz qiymət artımı müşahidə edirik”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar