Bu gün Əməkdar jurnalist Bahəddin Həziyevin 60 yaşı tamam olur.
O, 28 aprel 1965-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1983-1990-cı illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Milli Azadlıq Hərəkatı dövründə jurnalistikaya gələn Bahəddin Həziyev əmək fəaliyyətinə 1989-cu ildə “Xəzər” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991-ci illərdə “Turan” agentliyində müxbir, 1991-1994-cü illərdə “Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında “Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. O, daha sonra 1998-1999-cu illərdə “Avrasiya” qəzetində şərhçi, 1994-1998-ci illərdə “Çağ” qəzetinin baş redaktoru, 1996-2003-cü illərdə “Azadlıq” radiosunda şərhçi kimi fəaliyyət göstərib.
2005-cı ildən “Bizim yol” qəzetinin baş redaktoru olan Bahəddi Həziyev deyir ki, jurnalistikaya bir missiya kimi baxır:
"Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media var. İstərdim ki, bundan daha yaxşı şərtlər yaranaydı, jurnalistika ilə daha yaxşı şərtlərlə məşğul olaydıq".
2010-cu ilin iyulun 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülən Bahəddin Həziyevin “Ölümcül həqiqətlər” adlı məqalə, yol qeydləri, esse və hekayələrdən ibarət kitabı işıq üzü görüb.
Bakupost.az olaraq, onu yubileyi münasibətilə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.