“Kəndlinin ağır zəhmətlə yetişdirdiyi məhsul rasional şəkildə, maneəsiz bazara çıxarılıb, istehlakçılara çatdırılmayacaqsa, onun çəkdiyi zəhmətin pulu alverçilərə, bazarda yaranmış üçüncü subyektlərə çatacaqsa, əlbəttə, o, növbəti ildə bu məhsulu əkməkdən imtina edəcək”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kartof istehsalının azalması haqda suala cavabında deyib.
O qeyd edib ki, sovet vaxtı ən ciddi problemlərdən biri hökumətin kənd təsərrüfatıyla məşğul olan insanlara proqnoz verməməsi idi:
"Məsələn, bir il sarımsaq defisit olurdu, növbəti il hamı sarımsaq əkirdi və belə bir vəziyyətdə hökumət özü də sarımsaq idxal edirdi. Onda bir nəfər tanıyırdım, onun SSRİ Plan Komitəsində adamı olduğu üçün məlumatları alırdı və bir neçə ilin içində əkdiyi məhdullarla normal pul qazandı”.
Ekspert hazırda hökumətin kənd təsərrüfatıyla məşğul olan fermerlər üçün öncədən heç bir proqnozunun olmadığını bildirib:
“Belə bir vəziyyətdə kənd təsərrüfatıyla məşğul olan insanlar kartof əkir və yetişəndən sonra rayonlarda, kəndlərdə adamlar peyda olur. O adamlar təşkil olunmuş böyük bir qrupdur, sıx əlaqələri var, onların vasitəçiliyi olmadan heç bir alverçi o əraziyə girə bilmir”.
E.Hüseynov bu məsələdə “Meyvəli” bazarını da ittiham edib:
“Malın sənədi olmadan bazara girə bilməz. Kəndli birbaşa öz malını Bakı bazarına necə çıxarsın? Bu, mümkün deyil. Bakı bazarına kəndli yox, yalnız “Meyvəli” bazarından olan xüsusi adamlar mal çatdıra bilirlər”.
E.Hüseynov deyib ki, hökumət kənd təsərrüfatı məhsulları əkən insanlara məhsulunu birbaşa bazara çıxarmaq imkanı yaratmalıdır:
“Qida Təhlükəsizliyi Agentliyinin verdiyi sənəd isə elə olmalıdır ki, hər bir fermer onu əldə edə bilsin. Bütün bu səbəblərə görə ölkədə kartof əkini azalıb. Çünki insanlar bundan qazanc əldə edə bilmirlər”.
Qeyd edək ki, ötən illərlə müqayisədə bu il Tovuzda kartof istehsalı 14 dəfə, Cəlilabadda 2 dəfə, Şəmkirdə 14,6 faiz azalıb.
Vasif Əlihüseyn
BakuPost