Son günlər Rusiya və Azərbaycan arasında gərginliyin yenidən artdığı müşahidə olunur. Belə ki, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüş zamanı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan mətbuatında yayımlanan bəzi materiallarda Rusiyaya qarşı səsləndirilən ittihamların əsassız olduğunu bildirib.
Yanvarın 28-də isə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Rusiya mətbuatında və bəzi rəsmi dairələrdə yayımlanan "dezinformasiya xarakterli və Azərbaycanı hədəf alan" materialların anlaşılmazlıq yaratdığı vurğulanıb. Bildirilib ki, bu cür addımlar Azərbaycan və Rusiya arasında imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin ruhuna və məzmununa ziddir.
Maraqlıdır, iki ölkə arasında diplomatik gərginliyin kökündə nə dayanır?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan politoloq Zaur İbrahimli bildirib ki, bu gərginliyin başlıca səbəbi rəsmi Moskvanın davranışı və Kremlə yaxın mətbuatın Azərbaycana qarşı apardığı təbliğatdır:
“Azərbaycana məxsus mülki təyyarənin Rusiya ərazisində hərbi hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulmasından və eyni zamanda radioelektron mübarizə sistemləri ilə zədələnməsindən sonra rəsmi Moskva tərəfindən üzr istənildi. Lakin bu zaman rəsmi Bakının irəli sürdüyü və beynəlxalq hüquq çərçivəsində olan digər şərtlər qulaq ardına vuruldu. Bu şərtlər günahkarların müəyyən edilməsi və cəzalandırılmasıdır. İkincisi isə Azərbaycana dəymiş ziyanın ödənilməsi və qəza qurbanlarına kompensasiya ödənilməsi ilə bağlıdır. Azərbaycanın hər iki şərti ədalətlidir. Eyni zamanda, ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərini müəyyən edən sənədlərə uyğundur. Azərbaycan öz praktikasında bu cür hallarda məhz Rusiyadan tələb etdiyi kimi davranıb".
Z.İbrahimli Rusiyanın bu məsələyə fərqli yanaşmasının Moskva Bəyannaməsinin ruhuna zidd olduğunu qeyd edib:
“Biz Rusiyadan tam fərqli bir yanaşma görürük. Həmin Bəyannaməyə baxsaq, orada çox açıq şəkildə qeyd olunub ki, ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, o cümlədən milli maraqlarına zidd addımlar atmamlıdırlar və üçüncü ölkələrin də belə addımlar atmasına qarşı birgə səy göstərməlidirlər. Ümumilikdə, bir-birinin maraqlarını uzlaşdırmalıdırlar. Lakin biz Moskvanın öhdəliklərindən yayındığını görürük. Ruslar həmçinin dinc və mehriban qonşuluq siyasətinə uymayan davranış sərgiləyirlərlər. Kremlin icazəsi ilə Azərbaycana qarşı davamlı xarakter almış təbliğat aparılır. Bu, əlbəttə, yolverilməzdir. Çünki Azərbaycan yalnız və yalnız müasir dünyada qəbul olunmuş şərtlər və tələblər irəli sürür. İkincisi də, Rusiya hesab edir ki, onun dövlət başçısının üzrü bu insidenti unutmaq üçün kifayətdir və Azərbaycan digər məsələləri gündəmə gətirməməlidir. Bu, belə deyək, qonşu ölkələr arasındakı münasibətə zidd bir davranışdır.”
Politoloq Rusiyanın Azərbaycanın şərtlərinin nəzərdən keçirilməsini öz nüfuzuna zərbə olaraq görməsinin yanlış olduğunu vurğulayıb:
“Rusiya hesab edir ki, Azərbaycanın şərtlərinin nəzərdən keçirilməsi onun nüfuzunu zədələyə bilər. Əslində isə tam əksidir. Rusiya baş vermiş insidentlə bağlı məsuliyyətdən yayınmaqla öz imicinə zərbə vurur. Adətən, o ölkələr hörmətlə qarşılanır ki, onlar beynəlxalq hüquqdan doğan öhdəliklərinə məsuliyyətlə yanaşır və onu yerinə yetirirlər. Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək. Ola bilsin, Kreml tərəfi hesab edir ki, Azərbaycana bu cür diplomatik təzyiqləri artırmaqla və yaxud da hibrid mübarizə aparmaqla, anti-təbliğatla bu məsələnin gündəlikdən çıxarılmasına nail olacaqlar. Lakin Prezident İlham Əliyevin indiyə qədər apardığı siyasət və ortada olan təcrübə nümunələri göstərir ki, rəsmi Bakı belə addımlara bir qayda olaraq adekvat cavab verib. Təzyiq və şantajla Azərbaycanın haqlı tələblərini pərdəarxasına keçirmək mümkün olmayacaq. Rusiya doğrudan da yenidən münasibətlərin qonşuluq səviyyəsində qalmasını istəyirsə, bu tələblərə diqqətlə yanaşmalıdır. Hər iki ölkənin bir-biri ilə əməkdaşlığa ciddi şəkildə ehtiyacı var”.
Lalə Novruz, BakuPost