Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə döydükləri şəxsin kimliyi məlum olub.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisədə zərərçəkən şəxs Miskərov Elnur Vidadi oğludur.
Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, biznesinin əsasən telefon alqı-satqısından ibarət olduğu bildirilir.
Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə olduğunu təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.
E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.
"Deyilənlər hamısı yalandır. Heç bir sataşma fılan olmayıb. Məni səbəbsiz döyüblər. Məni döyənlərə ev dustaqlığı verilib. Bununla razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər sullara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.
E.Miskərovun vəkili Xaliq Hüseynov isə Teleqraf-a bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına qədər gedib çıxır: "Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələr vasitəsi ilə efirdə olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən müəyyən dialoquna səbəb olub. Dialoqda bir ay, ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəf xanımdır. O bildirib ki, xanımdır, bununla da bütün o münasibətlərə son qoyulub. Daha sonra ara-sıra müxtəlif digər sosial şəbəkələr üzərindən mesajlar salamlar və sairə göndərilib. Hazırda zərərçəkmiş şəxs buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında yenə də hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə müraciət olunub, ancaq başqa adlar altında. Müəyyən bir biznes təklifləri irəli sürülüb və s. Özlərinu iş adamı kimi təqdim ediblər.
Hadisə baş verən gün - fevralın 6-da zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafın dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, biri də böyür tərəfdən mühasirəyə alıblar.
Zərərçəkmiş çətinliklə də olsa öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyi 102 - Zəng Xidmətinə məlumat verib.
Hadisə yerindən uzaqlaşanda Binəqədi rayonunun ərazisində - mərkəz adlanan ərazidə tıxaca düşüb. Bu zaman şəxslər ona çatıblar və əllərində olan dəyənəklərlə, taxta parçaları ilə onu döyüblər, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.
İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət etmişdi. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq həmin qərarlardan şikayət versək də Bakı Apellyasiya Məhkəməsi həmin şikayətləri təmin etmədi".
Qeyd edək ki, bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb.