Bakıda Fransa müstəmləkələrindən olan jurnalistlərlə Azərbaycanın vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib.
Bakupost.az Apa-ya istinadən xəbər verir ki, görüşdə Milli Məclisin deputatları, Bakı Təşəbbüs Qrupunun rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumat verilib ki, Bakı Təşəbbüs Qrupu Qlobal Cənubla dialoqa böyük verir.
Milli Məclisin üzvü Pərvanə Vəliyeva bildirib ki, Fransa müstəmləkəsindən əziyyət çəkən xalqlara dəstəyi çərçivəsində Milli Məclisdə müvafiq dostluq qrupları təsis edilib.
O, söyləyib ki, analoji müzakirələrin keçirilməsi müstəmləkə şəraitində yaşayan xalqların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Müstəmləkədən əziyyət çəkən xalqlara dəstək verilməsi məqsədilə Bakı Təşəbbüs Qrupu ilə birgə Bəyannamə imzalanıb. Həmin sənəddə beynəlxalq hüququn bilavasitə BMT-nin Nizamnaməsi çərçivəsində təmin olunmasına dəstək bildirilib. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti neokolonializm ilə mübarizə tədbirlərində fəal iştiraka, eləcə də müstəmləkə ərazilərində yaşayan xalqların dili və mədəniyyət nümunələrindən sərbəst istifadəsinə dəstək verməyə çağırır
Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində də müstəmləkə xalqlarının qarşılaşdığı problemləri bu mötəbər qurum çərçivəsində də qaldırıb. Ötən il Bakıda keçirilən BMT-nin İqlim DəyişmələriüzrəÇərçivə Sazişinin Tərəflər Konfrasının29-cuSessiyasında ətraf mühit problemi fonunda müstəmləkəçi dövlətlərin müstəmləkə ərazilərinin təbiətinə vurduğu ziyanla bağlı məsələ qaldırılıb. Dünyada post-kolonial şəraitdə yaşamasına baxmayaraq hələ də müstəmləkə dövründən qalan problemlərdən əziyyət çəkən dövlətlər var. Bir daha Azərbaycana səfəriniz üçün təşəkkür edirəm. İnanıram ki, bu səfər qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək. Fransa müstəmləkə şəraitində yaşayan xalqlara qarşı qərəzli siyasətini legitimləşdirməyə çalışır".
Milli Məclisin digər üzvü Azər Allahverənov isə ölkəmizin müstəmləkə siyasətindən zərər çəkən dövlətlərə dəstəyinin təsadüfi olmadığına diqqət çəkib:
"Dənizaşırı ölkələrdən olan jurnalistlərin ölkəmizə səfəri mühüm önəm daşıyır. İstər Qoşulmama Hərəkatı, istərsə də Bakı Təşəbbüs Qrupu çərçivəsində görülən tədbirlər onu göstərir ki, Azərbaycan müstəmləkə əleyhinə fəal çıxış edən dövlətdir. Azərbaycanın özü də 200 ildən artıq müddətdə başqa bir dövlətin tərkibində müstəmləkə kimi mövcud olub. Ölkəmizin müstəmləkədən zərər çəkən dövlətlərə dəstəyi məhz bununla izah olunur. Hesab edirəm ki, müstəmləkə şəraitində yaşayan ölkələrin nümayəndələrinin səfərləri və keçirdiyi görüşlər onların müstəqillik mübarizəsində yalnız olmadığı həqiqətini çatdırmaq baxımından mühümdür".
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə analoji səfərlərin önəmindən danışıb:
"Sizin nümayəndələrin ölkəmizə gəlişi və burada keçirdiyi görüşlər, habelə iştirak etdiyi tədbirlər müstəmləkə şəraitindən xilas olmaq yolundakı addımlara mühüm töhfədir".
Daha sonra tədbir polemika şəraitində davam etdirilib.