Ru
14:25 / 12 Aprel 2025

Bakıda kişi əvvəl qayınanasını, sonra isə həyat yoldaşını döydü – Qısqanclıq davası

Bakıda kişi əvvəl qayınanasını, sonra isə həyat yoldaşını döydü – Qısqanclıq davası
Eye

Bakının Sabunçu rayonunda ər-arvad arasında mübahisə cinayətlə nəticələnib.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 2-də baş verib.

Şamaxı rayon sakini, 1989-cu il təvəllüdlü Fərman həmin gün saat 21 radələrində münaqişə zamanı həyat yoldaşı Mayanın (adlar şərti verilib – red.) bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Fərman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, həyat yoldaşı Maya ilə 2011-ci ildə ailə qurub, iki övladları var: “Ailə qurduqdan 3-4 il sonra Bakı şəhərinə köçdük. On ildən artıqdır Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaşayırıq. Təxminən 4 il öncə Bakıxanov qəsəbəsində Xanım adlı qadınla tanış oldum, onunla qeyri-rəsmi münasibət saxladım. Həmin qadınla münasibətimdən həyat yoldaşım təxminən 2 il sonra xəbər tutdu.

Bir neçə ay öncə bu mövzuda ailəmdə mübahisə oldu, qaynanam Xumara xəsarət yetirdim. Qaynanam polisə şikayət etsə də sonradan barışdıq, Xanımla da münasibətlərimi soyutdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bütün bunlara baxmayaraq həyat yoldaşı Maya ona inanmayıb və onu əsəbləşdirib: “İşdə olduğum zamanlar mobil telefonuma zənglər edir, gec cavab verəndə qısqanır, mübahisə edirdi.

Hadisə günü saat 20 radələrində işdə olduğum zaman Xanım mənə zəng vurdu, həyat yoldaşım Maya ilə Bakıxanov qəsəbəsindəki ticarət mərkəzi yaxınlığında təsadüfən görüşdüyünü, mübahisə etdiklərini, yoldaşımın onun ünvanına nalayiq ifadələr işlətdiyini dedi, Maya barəsində tədbir görməsəm, polisə şikayət edəcəyini bildirdi.

Xanıma əsəbləşdim, ona iradımı bildirdim. Sonra işdən çıxıb evə getdim, həyat yoldaşım Mayaya acıqlanıb nə üçün həmin qadınla yolda mübahisə etdiyini soruşdum. Maya mənimlə kobud rəftar etdi, mənə cavab qaytardı. Onun üzərinə getdim, əlimlə vurdum. Maya sağ əlini sifət nahiyəsinə qaldırıb özünü müdafiə etmək istəyəndə ilk vurduğum zərbə sağ əlini tutdu, barmağı zədələndi. Əsəbim sakitləşmədiyi üçün təkrar onun bədəninin bir neçə yerinə zərbələr vurdum. Bundan sonra evi tərk etdim”.

Zərərçəkmiş Mayanın sözlərinə görə, ailə qurduqları ilk vaxtlarda həyat yoldaşı ilə münasibətləri yaxşı olub, sonradan Fərmanın Xanım adlı qadınla münasibət saxlaması səbəbindən ailədə mübahisə düşüb: “Baş verənlərə aydınlıq gətirilməsi üçün anam kirayə yaşadığımız evə gəldi, Fərmanla söhbət edərək ona iradını bildirdi. Fərman anamla mübahisə etməyə başladı, anama zərbə vuraraq xəsarət yetirdi.

Anam polisə şikayət etdi. İşə məhkəmədə baxıldı, ailəmin dağılmaması naminə anam həyat yoldaşımdan şikayətçi olmadı, onu bağışladı”.

Zərərçəkmiş qeyd edib ki, bu hadisədən az sonra da Fərman öz hərəkətlərinə davam edib, Xanımla münasibət saxlayıb: “Şübhələndiyim üçün bu barədə Fərmana bir neçə dəfə irad bildirsəm də, o, əməlini etiraf etmədi. Məlum hadisə günü təxminən saat 20-də Bakıxanov qəsəbəsində ticarət mərkəzi yaxınlığında Xanımla təsadüfən qarşılaşdım. Xanım yanımdan keçərkən üzümə baxdı, ünvanıma xoşagəlməz sözlər işlətdi.

Özümü ələ ala bilmədim, mən də onun cavabını verdim. Bundan sonra isə yaşadığım evə döndüm. Yolda Fərmana zəng etdim. Amma mobil telefonu məşğul olduğu üçün onun mübahisə etdiyim qadınla danışdığını bildim. Çox keçmədən Fərman evə gəldi. Mübahisə zamanı Fərman baş verənlərə görə məni günahlandırdı. Sonra isə məni vurdu”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərman 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar