Ru
14:43 / 18 Mart 2025

Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu barədə YENİ XƏBƏR

Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu barədə YENİ XƏBƏR
Eye

Şərurlu İsfəndiyar kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovun adı yenidən gündəmdədir.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.

O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.

Musavat.com-a daxil olan son məlumatda deyilir ki, baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.

Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb. Bu yaxınlarda Bakıya gələn Şahin Axundovun psixoloji durumunda gərginlik yaranıb, onu xəstəxanalardan birinə yerləşdiriblər. Hazırda Şahin Axundovun ciddi nəzarət altında müalicə olunması xəbəri də var.

İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan “Zaminbank”ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.

Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:

“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra “oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır” deyib.

Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata “Lamborghini” alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.

“Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur” deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu “My new car” (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.

İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: “Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki… Maşın sürüb də. Başqa nə iş görüb?”

Lakin Allahverdi Axundov təkcə 650 minlik “Lamborghini”yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar