Ru
12:09 / 29 Dekabr 2024

Başçı "təyin etdirmək" üçün yarım milyonunu aldılar - Səs-küylü proses

Başçı "təyin etdirmək" üçün yarım milyonunu aldılar - Səs-küylü proses
1434

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı bildirib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Daha sonra Qurban Piriyev hüquq-mühafizə orqanlarına şikayət edib.

İlkin istintaq dövründə ona dəymiş ziyanın bir qismi ödənilib.

544 min manat ziyanın 85 min manatını Rasim İldırımzadə, 20 min manatını isə digər təqsirləndirilən Zaur Mirzəzadə və Qoşqar Məmmədov qaytarıb.

İttihama münasibət bildirən təqsirli şəxslər özlərini günahkar bilməyib.

Təqdirləndirilən Rasim İldırımzadə və Qoşqar Məmmədov hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Təqsirləndirilən Zaur Mirzəzadə isə səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini məhkəməyə bildirib.

Hakim prosesin zərərçəkmişin dindirilməsi ilə davam edəcəyini desə də, zərərçəkmiş prosesdə iştirak etmədiyindən növbəti prosesi gələn il yanvarın 28-ə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Məlumat üçün bildirək ki, iş üzrə təqsirləndirilən Rasim İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə və ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar