Ru
13:57 / 30 Dekabr 2023

Bayram bahalaşması: “Hər məmur bazarın bir seqmentini tutub və qiymətləri qaldırır”

Bayram bahalaşması: “Hər məmur bazarın bir seqmentini tutub və qiymətləri qaldırır”
19826

Artıq 2024-cü ilin gəlişinə bir gün qalıb. İnsanlar yeni ili bol süfrə arxasında qeyd etmək üçün bayram hazırlıqlarına, bazarlığa başlayıb.


Hər kəs çalışır ki, bayram süfrəsi bol olsun. Ancaq marketlərdəki, bazarlardakı ərzaq, meyvə və tərəvəzlərin qiymətindəki artım insanları bayramı bol süfrə arxasında sevinclə qeyd etməyə imkan vermir. Ənənəvi qiymət artımı hər il olduğu kimi builki bayramda da müşahidə olunur. Bahalıq səbəbindən yenə də kasıb təbəqənin bayram süfrəsi kasad olacaq.


Bahalıqdan paytaxt sakinləri də şikəyətçidirlər. Sakinlər arasında keçirdiyimiz sorğu zamanı onlar ərzaq və meyvə-tərəvəzin qiymətlərinin yüksək olması səbəbindən bayramı ürəkləri istəyən kimi keçirə bilmədiklərini bildirdilər. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında yeni il süfrəsi üçün bazarlıq edən paytaxt sakinləri qiymətlərdə bazarla müqayisədə kəskin fərqin olmadığını söylədilər.

Bakı sakini Aybəniz Quliyeva deyir ki, marketlərdə satılan bütün ərzaqların qiyməti qalxıb:

“Düyü, yağ, ət və süd məhsulları, çərəzlər, meyvə şirələrinin də qiymətini qaldırıblar. Marketlər isə yalançı endirimlərlə bizləri aldadırlar. Məhsulun üzərindəki sarı etiketin altına baxanda qiymət fərqinin olmadığını görürsən”.


Onun sözlərinə görə, ötən illə müqayisədə bu il qiymətlərdə kəskin artım müşahidə olunur:


“O qədər bahalıqdır ki, ürəyin istəyən kimi bayram bazarlığı da edə bilmirsən”.


Qiymət artımından şikayətlənən digər sakin Vaqif Səfərov isə bildirib ki, bayram öncəsi qiymətlər ucuzlaşmaq yerinə bahalaşır: “Yeni il öncəsi bütün dünyada bayram endirimləri edilir. Bizdə isə əksinədir. Dekabr ayı başlayan kimi qiymətlər yüksəlir. Qiymətləri qaldırır və yalançı endirimlərlə insanları aldadırlar”.

Bayram ərəfəsində qiymətlər niyə qalxır?




İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bayramqabağı qiymət endirimi olmur. Başqa ölkələrdə bu proses ənənəyə çevrilsə də, Azərbaycanda belə deyil:


“Hər hansı bayram öncəsi bütün dünyada endirim kampaniyaları olduğu halda Azərbaycanda əksinə, yeni il qabağı qiymətlər kəskin şəkildə qalxır. Bu il həm də qiymətlərin artımı tələbatla əlaqədardır. Tələb artdıqca biz qiymətlərin artımını müşahidə edirik”.


Ekspert bildirib ki, bayram öncəsi bazarda bahalaşmanın qarşısını inzibati yollarla almaq mümkün deyil:


“Əgər hökumət inzibati yolla, hər hansı nəzarət mexanizmlərini işə salmaqla bu işin qarşısını almaq istəsə, yenidən daha kəskin bahalaşma ilə qarşılaşacaq. Hətta bazarda məhsulların keyfiyyəti və kəmiyyəti də azalacaq. Bunun yeganə yolu rəqabətli mühiti artırmaqdır. Bununla da həm daxili istehsalın, həm də xaricdən gətirilən məhsulların sayını, çeşidini artırmaq, qiymətləri müəyyən dərəcədə nəzarətdə saxlamaq mümkündür. Amma obyektiv reallıq da var ki, Azərbaycanda bir çox məhsulların maya dəyərinə təsir edən əsas elementlərdən biri - məzənnə fərqidir. Çünki daxili istehsalda belə istifadə olunan xammalın çox hissəsi xaricdən gətirilir. Ona görə də düşünürəm ki, bu məzənnə fərqinin obyektiv səbəbə görə qiymətlərə təsiri getdikcə davam edəcək. Bunun başqa yolu da yoxdur”.


İqtisadçının dediyinə görə, Azərbaycanda manat dəyərdən düşdükcə məzənnə fərqinə görə qiymətlər də qalxır:


“Azərbaycanda rəqabətli mühit, rəqabətli iqtisadi münasibətlər hələ ki, tam yerində olmadığı üçün bu kimi hadisələr baş verir. Həm də bazara birbaşa nəzarət edən böyük inhisarçı qüvvələr var. Hansı ki, daxili istehsalda inhisarçılıq mövqeyindədirlər. Yəni bazarın böyük hissəsinə nəzarət edirlər. Onlar həm də xaricdən ölkəyə malların gətirilməsində çox mühüm paya sahibdirlər. Həmin inhisarçı şirkətlər və yaxud da şəxslər bayramlar öncəsi tələbatın artdığını bəhanə edərək qiymətləri kifayət qədər artırırlar. Bu il də həmin prosesi yenidən müşahidə edirik. Amma bu tərsinə olmalı idi. Əgər normal iqtisadi münasibətlər və rəqabətli mühit olsaydı, bayramlardan öncə müxtəlif aksiyaların, qiymət endirimlərinin şahidi olmalıydıq”.



İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hər il monopolist qüvvələr bayram ərəfəsində süni qiymət artımına yol verirlər:


“Ölkədə ənənəvi olaraq bayramlardan öncə qiymətlərdə süni şəkildə yüksəlmə olur. Əgər xarici ölkələrdə bayram ərəfəsində endirim kampaniyaları baş tutursa, Azərbaycanda Yeni il bayramında əks halın şahidi oluruq. Qiymətlər ona görə qalxır ki, ölkədə rəqabət mühiti mövcud deyil. Hökumətin rəqabət mühiti yaratmadan, inhisarçılığı aradan qaldırmadan ölkənin bütün bazarlarına nəzarət edib, qiymətləri aşağı salması real və mümkün deyil. Yəni hər məmur bazarın bir seqmentini tutub və onları alıcının büdcəsi maraqlandırmır. Onlar yalnız dövriyyəyə nəzarət edirlər. Məhsul satışı nə vaxt artırsa, həmin vaxt sahibkarlar daha çox qazanmaq üçün qiymətləri qaldırırlar. Əgər rəqabət mühiti olsa, bu vektor tam əksinə fırlanacaq. Çünki rəqabət olsa, satıcı öz alıcısını itirməkdən qorxacaq, qiymət artımına yox, daha çox məhsulun keyfiyyətinə diqqət ayıracaq. Rəqabət olan iqtisadiyyatda sahibkarın ən çətin işi qiyməti qaldırmaqdır. Azərbaycanda isə bir seqmenti bir qrup məmur tutub və onların rəqibi yoxdur. Ona görə də satış çoxalanda onlar qiymətləri qaldırırlar”.


A.Nəsirli qeyd edib ki, hökumət bazara nəzarət etdiyini deyir. Lakin o, bazara nəzarət edə bilməz. Azərbaycanda minlərlə bazar, satış, istehsal müəssisəsi var. Bunların hamısına nəzarət etməkdən ötrü xeyli sayda əməkdaş lazımdır ki, bu da qeyri-ciddi səslənir:


“Bazar iqtisadiyyatında dövlətin qiymət qoyması isə nəzəriyyəyə ziddir. Sahibkar qiyməti qoymaqda sərbəstdir. Monopolist sahibkarlar da bunu bilir və qiyməti istədikləri kimi qaldırırlar. Dövlət, Tarif Şurasının siyahısında olan məhsullar istisna olunmaqla digər məhsullara qiymət qoya bilməz. Dünyada bazar iqtisadiyyatı şəraitində hökumətin nəzarət elədiyi yeganə məsələ monopoliyadır. Yalnız inhisarçılıq və monopoliya aradan qalxdıqdan sonra Azərbaycanda bazar iqtisadiyyatı mümkün olacaq”.


İqtisadçı vurğulayıb ki, insanların orta satınalma gücü mövcuddur və bu cür qiymətlər birbaşa alıcılıq qüvvəsinə təsir göstərir. Bu baxımdan aidiyyəti dövlət qurumları bayram öncəsi xüsusi monitorinqlər həyata keçirərək, bazardakı qiymətlərin tənzimlənməsinə və stabil saxlanılmasına xüsusi diqqət etməlidirlər.




Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Yeni il qabağı təkcə ərzaq və meyvə-tərəvəzin deyil, müxtəlif növ hədiyyələrin və bəzi məhsulların qiymətində süni bahalaşma baş verir. Bəzəkli qutulara xarici, yerli mallar qablaşdırılır və onların saxlanma şəraiti nəzərə alınmır:


“Bayramqabağı süni qiymət artımları və ya süni endirimlər həyata keçirilir. Təbii ki, bu, azad rəqabət qaydalarına tamamilə ziddir. Bu cür spekulyasiyalar bazar institutlarının, sahibkarların fəaliyyətinə təsir edir. Tələb təklifi üstələyərkən qiymətlər qalxır. Tələbin artması isə heç də həmişə təklifi üstələmir. Digər tərəfdən, sadə təcrübəyə istinad etsək, görərik ki, qiyməti yüksəltmək satıcının daha çox qazanmasına zəmanət vermir. Əslində, münasib, cəlbedici qiymətə daha çox mal satıb, yaxşı da qazanmaq mümkündür”.



Yeni ilin əsas atributu - oyuncaqlarla bəzədilmiş Yolka olmadan bayram əhval-ruhiyyəsinin olması ehtimalı azdır. Azərbaycan əhalisi ənənəvi olaraq süni yolka almağa üstünlük verir. Bu Yeni il bayramı atributunu demək olar ki, istənilən mağazada və ya bazarda almaq mümkündür. Yolkanın qiymətində də artım var. Süni yolka ölçüsündən asılı olaraq 50-250 manata, stolüstü dekorativ yolkanı isə 5 manatdan başlayan qiymətə almaq olar.


Xatırladaq ki, süni qiymət artımına qarşı dövlət səviyyəsində mübarizə aparılır. Amma yenə də ciddi problemlər qalmaqda davam edir. Göründüyü kimi, bayramlarda, xüsusi təqvim günlərində mal və ya xidmətlərin qiymətləri bəzən vəziyyətdən sui-istifadə səbəbindən yüksəldilir.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar