Xəbər verdiyimiz kimi, gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Onlar yalnız bundan sonra işləyə biləcəklər. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəediciləri cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək.
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli Bakupost.az-a bildirib ki, vergi uçotunda dayanmaq sahibkarların xərclərini müəyyən qədər artıracaq prosesdir:
“Dəyişikliyə əsasən, bazarların mülkiyyətçiləri və ya idarəediciləri üzərinə tələblər qoyulur. Onlar uçotsuz sahibkarlara şərait yaratmamalıdır. Əks təqdirdə, bazar mülkiyyətçilərinə və ya idarəedicilərinə hər bir uçotsuz sahibkar üçün maliyyə sanksiyası tətbiq olunacaq”.
İqtisadçı qeyd edib ki, bazar sahibkarlarının vergiyə cəlb olunması prosesinin mənfi tərəfi qiymət artımı məsələsidir:
“Bazardakı qiymətlər xərclərdən asılı olsa da, rəqabətdən də ciddi şəkildə asılıdır. Sahibkar artan xərcini iki formada qarşılayır. Birincisi, öz qazancı aşağı düşür, ikincisi isə qiyməti artıra bilir. Qiyməti artırması da bazardakı vəziyyətdən asılıdır. Kiçik sahibkarların hamısında bu problem olacağına görə mümkündür ki, müəyyyən dərəcədə qiymətlərə təsir etsin".
Sevinc,
BakuPost