Xəbər verdiyimiz kimi, gələn ildən bazarlarda işləyən sahibkarlardan vergi orqanında uçotda olmaları tələb ediləcək. Əks təqdirdə bazar mülkiyyətçiləri və ya idarəedicilər cərimə ediləcəklər. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Başqa sözlə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bu dəyişiklik kənd təsərrüfatı məhsulları bazarlarına aid edilməyəcək.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov
Bakupost.az -a deyib ki, bazarlarda işləyən sahibkarların vergi uçotuna alınması sahibkar və alıcı arasında bəzi mübahisəli məsələlərin rahat həllinə şərait yaradacaq:
“Bugünədək bazarlarda fəaliyyət göstərən sahibkarlar alış-veriş zamanı alıcılara qəbz təqdim etmirdilər. Ancaq yeni dəyişiklikdən sonra bu problem aradan qalxacaq. Digər bir məqam isə odur ki, hazırda vergi orqanında uçotda olan sahibkarların çoxu qanunsuz işləyən, uçotsuz sahibkarlara görə bazarda uduzurlar. Yəni vergi orqanında uçotda olan sahibkar öz işçisinə rəsmi əməkhaqqı verir, məcburi dövlət sosial sığorta haqqı ödəyir və s. Qanunsuz sahibkar isə bunu etmir. Belə olan halda isə uçotda olan sahibkar qanunsuz işləyən sahibkar ilə rəqabət apara bilmir”.
R.Həsənovun dediyinə görə, sahibkarların vergi uçotuna alınması onların xərclərini qismən artıracaq. Mənfəət norması aşağı düşəcək. Ancaq burada böyük xərc yükündən söhbət getmir. Əslində sahibkarların bir qismi bu xərcləri mövcud mənfəət normasından kompensasiya edə bilərlər. Burada bazarın alıcılıq gücü, tələb- təklif münasibətləri həlledici rol oynayacaq.
İqtisadçı-ekspert Ruslan Atakişiyev isə qeyd edib ki, rəsmiləşmə bütün hallarda qiymətlərin artımına gətirib çıxarır. Amma bu qiymət artımı da öz növbəsində həmin obyektlərdə işçilərin maaşının qalxmasına səbəb olacaq:
“Ümumiyyətlə, bu tədbirlər vergi daxilolmalarının artırılmasına, nağd hesablaşmaların sayının azaldılmasına, "kölgə iqtisadiyyatı"nın miqyasının aşağı salınmasına xidmət edir. Bu addımlar həyata keçirilməlidir, çünki gələcək dövr nağdsız hesablaşma dövrüdür”.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, ortamüddətli dövrdə strateji hədəflərdə ikinci istiqamət məhz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılmasına xidmət etməlidir:
"Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada "kölgə iqtisadiyyatı"nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir. Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklərdə bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bazarlar elə bir əmlak kompleksidir ki, orada xeyli sahibkar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm də dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur.
Bu, ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri də vergi orqanında uçota alınmalıdır".
N.İmanov qeyd edib ki, vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.
Sevinc,
BakuPost