Bəllu olduğu kimi, gələn il yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. Ancaq ümumilikdə cəmiyyətdə seçkilərə marağın az olduğu, əksər siyasi partiyaların seçkilərə ciddi yanaşmadığı və bu yöndə aktiv iş aparmadıqları müşahidə olunur. Bu, nə ilə əlaqədardır?
Mövzuyla bağlı Bakupost.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyin bildirib ki, seçkilərlə bağlı fəallığın aşağı olması faktiki olaraq bələdiyyələrin səlahiyyətlərinin aşağı olmasıyla bağlıdır:
“Bundan başqa, böyük şəhər bələdiyyələrinin olmaması, bələdiyyə sədrlərinin birbaşa seçilməməsi və ən nəhayət, Azərbaycanda seçki sisteminin qüsurları və nöqsanları nəticəsində insanların seçkilərə marağının azalmasıyla bağlıdır. Sonuncu parlament seçkilərində aktivliyin 37 faiz olduğu göstərildi. Lakin bizim müşahidələrimiz göstərdi ki, o da şişirdilmiş rəqəmdir. Ölkədə ciddi seçki islahatları keçirilməlidir. Hüquq və azadlıqlar, o cümlədən seçki hüquqları genişlənməlidir ki, vətəndaşın seçkiyə olan marağı artsın”.
P.Hüseyn bildirib ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində çox yüksək siyasi fəallıq müşahidə olunmuşdu:
“Bələdiyyə seçkilərinin 25 il ərzində belə bir vəziyyətə gəlib çıxması təəssüf doğurur”.
Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğlu isə mövcud vəziyyətin Azərbaycanın seçki təcrübəsiylə bağlı olduğunu bildirib:
“Seçki təbliğatı ilə rəsmi şəkildə Mərkəzi Seçki Komissiyası (MSK) məşğul olmalıdır. Dövlət bunun üçün milyonlarla pul ayırır. MSK isə öz üzərinə düşən işi yerinə yetirmir. Çox güman ki, seçkiyə 2-3 gün qalmış 1-2 dənə plakat yapışdıracaqlar və bununla da öz vəzifələrini yerinə yetirmiş hesab edəcəklər. Əhalidə də seçkiyə inam olmadığına görə adamları seçkiyə cəlb etmək olmur. Çünki dəfələrlə seçkidə iştirak ediblər və gözləntiləri özünü doğrultmayıb”.
Rəhman Mirzəlizadə, BakuPost