"Bakıda qaydalara riayət etməyən beş mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb".
Bakupost.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.
Bundan əlavə, A.Rzayev qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı mövcuddur. Lakin onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: "Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi və yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır".