Sosial şəbəkədə rast gəldiyim bir müraciət məni çox düşündürdü, qərara gəldim ki, münasibət bildirim. Hər gün sosial şəbəkələrdə və saytlarda sinninin bu çağında da həvəslə çalışan AMEA rəhbərliyinə və Dilçilik İnstitutunun əməkdaşlarına, işgüzar, sağlam əqidəli direktoruna şər-böhtan yağdıran, hədyanlar yazan İdris Abbasovun və onun “kollektivi”nin müraciətinə, xahişinə, vallah, məəttəl qalmışam.
Mən sıravi bir jurnalistəm, müraciətin sonunda imzasını qoymuş elmlər və fəlsəfə doktorlarına, bu “alim”lərin əməllərinə ad qoymağa çətinlik çəkirəm. Məlum olur ki, onlar “... davranışı ilə kollektivin hörmətini qazanan” (bəlli olur ki, hələ hörməti qazanmağa “davam edir”, adətən qazanmış yazılır, xüsusilə, hazırda kollektivdə işləməyən haqqında) Günel Bayramovanın “pozulmuş” hüquqlarının müdafiəsinə qalxmışlar. Müraciəti imzalayanların akademiyanın rəhbərinə və Nəsimi adına Dilçilik İnstitutunun direktoruna göndərdiyi, rəsmi üslubun qeyri-müəyyən növünə (məktubmu, xahişmi, ərizəmi?!) aid həmin bir səhifəlik yazıdakı səhvlər institutun Nəzəri dilçilik şöbəsinin əməkdaşları haqqında dolğun təsəvvür yaradır.
İşçi “kontingenti” (nəbadə işçi heyəti və yaəməkdaşı yazsınlar?!) “cəmi 4 nəfər” göstərilsə də, (qeyri-müəyyən növdən olan) bu sənədi 6 əməkdaş imzalamış, lakin məzmununun fərqinə belə varmamışlar.
Ən yüngülündən başlasam, sual edərəm, akademik, professor kimi ümumi isimlər mətn içərisində böyük hərfləmi yazılır? Deyə bilərlər ki, hər ikisinə hörmət əlaməti olaraq yazmışıq. Son illər müşahidə edirəm: bu tanınmış alimlərə “hörmətləri” sosial şəbəkə və saytlarda aşıb-daşır.
Rus dili qalığı tərəfindən sözünü unuda bilmirsinizmi, əməkdaşlarından kifayət etmirmi?
Sənədi imzalayanlar dövlətin Əmək məcəlləsinə məhəl qoymayaraq, saymazlıqla 58.3.-cü maddəsini “qeyri-qanuni” hesab edirlər.
Sənəddəki gülünc, tükürpədən və utancverici, hətta qrotesk səviyyəsində biabırçılığa diqqət edin: “Xatırladaq ki, G.Bayramova 1620-ci ildə yazılmış və əlyazma şəklində Vatikan kitabxanasında saxlanan Pietro della Vallenin “Türk dilinin qrammatikası” (Azərbaycan dilinin (?) orijinal (?) qrammatikası) kimi möhtəşəm dil abidəmizin həmmüəllifidir”. Belə “xatırlatma”dan sonra müraciət olunan instansiyalar (yəni Akademik və Professor), cəmiyyət necə çaş-baş qalmasın?! Pietro della Valle ilə həmmüəllif olmaq üçün filologiya elmləri doktoru, dosent Günel Bayramovanın düz 405 (dörd yüz beş) yaşı olmalıdır. Buna xalq arasında “gül vurmaq” deyərlər. Bərəkallah, Nəzəri dilçilik şöbəsinin əməkdaşlarına!
“Bundan əlavə” yazırlarsa, “onun mühüm monoqrafiya və dərs vəsaitləri”nin siyahısına əvvəlki cümlədə artıq “xatırlatdıqlarını” niyə dürtüşdürürlər?! Anlamırlar ki, “xatırlatdığınız”la (Pietro della Valle ilə həmmüəllif olanı) sonrakı sadalananlar üst-üstə 6 yox, 5-dir! Ay saxtakarlar!
İmzalanan sənəddən Günel Bayramovanın daha bir məziyyəti faş olur: filologiya elmləri doktoru, dosentin yazdıqları sayla, kəmiyyətlə deyil, “sıra” ilə ölçülür, məsələn, “bir sıra metodik vəsaitlərin..., (bir sıra) proqramların...”, “bir sıra kitabların...”. Görəsən, Günel Bayramova iki sıra metodik vəsaitlərin..., (iki sıra) proqramların...”, “iki sıra kitabların...” da müəllifidirmi?! Sıralarda qıcqırma göz qabağındadır! Konkret say-cəmlik əndazəsini aşan alimlər “70-dən artıq elmi məqalələrin” yazanda xəcalət çəkməyiblərmi?
“Dilçilik” sözünü qəribçiliyə salıb, fars şəkilçili “dilşünas” yazanlar dilin saflığını beləmi qoruyurlar?! Bəs, vətən, millət (!) hayqırtınız, pafosunuz harada qaldı?
Bircə doktorantı olmayan Günel Bayramovanın saxtakarlıq edib “kifayət qədər yetirmələri vardır” (Azərbaycan dilinin elementar qanunlarını bilməyən zavallılar) yazıb imzalamaqla AMEA rəhbərliyini, Dilçilik İnstitutunu, direktorunu, elmi ictimaiyyəti çaşdırmaqda məqsədləri nədir? Bu “yetirmələri”ndən birinin adını çəkə biərlərmi?
“Günel Bayramovanın elmimizə fədakarlıqla, təmənnasız və mühüm xidmətlərini nəzərə alıb...” – yazırlar. Bəs “fədakarlıqla” sözü bu birləşməyə necə pərçim edilib, həmin f.e.d., dosent elmə necə “təmənnasız” xidmət edib, yəni 0,5 ştat işlədiyi müddətdə maas-zad almayıbmı?!
Nəhayət, “xahiş” hissəsi lap məsxərədir (Allah sənə rəhmət eləsin, Qoqol!). “Nəzəri dilçilik şöbəsinin 0,5 ştat elmi işçisi”nin (bəlkə, keçmiş?!), “... elmi-tədqiqat müəssisəsinə bərpa edilməsini” xahiş etmək hansı məntiqə sığır (hələ son abzasdakı üslubi yanlışlıqları demirəm)?
Məktubu iki filologiya elmləri doktoru (İdris Abbasov, Zemfira Əliyeva), üç filologiya üzrə fəlsəfə doktoru (Aytən Allahverdiyeva, Leyla Yusifova, Pərvin Bayramova) və bir operator (Xatirə Məlikova) imzalayıb. Savadsızlar az idi, birini də kənardan gətirin – yaxşı arzudur.
Görəsən, müraciət etdiyiniz mötəbər şəxslərə ünvanladığınız və savadınızın səviyyəsini aşkar göstərən sənədə görə xəcalət çəkəcəksinizmi?
Sona Abbasəliqızı
jurnalist