London Kraliça Mariya Universitetinin və Norveç İdman Elmləri Məktəbinin alimləri müəyyən ediblər ki, yeddi günlük aclıq bədəni effektiv şəkildə yağyandırma rejiminə keçirir və beyinin funksiyası üçün vacib olan zülallarda dəyişikliklərə səbəb olur.
Bakupost.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Metabolism jurnalında dərc olunub.
Tədqiqatda bir həftə ərzində yalnız su içən 12 sağlam könüllü iştirak edib.
Alimlər təcrübədən əvvəl, təcrübə zamanı və sonra hər gün təxminən üç min qan zülalında dəyişiklikləri təhlil ediblər.
Cəmi 48-72 saatdan sonra iştirakçıların bədənləri qlükozadan əsas enerji mənbəyi kimi yağların parçalanmasına keçib. Yeddi gün ərzində iştirakçılar orta hesabla 5,7 kiloqram çəki itiriblər. Normal qidalanmaya qayıtdıqdan sonra əzələ kütləsi üç gün ərzində tam bərpa olunub, bədən yağının səviyyəsi isə azalıb.
Alimləri xüsusilə beyin də daxil olmaqla, əsas orqanların fəaliyyətinə təsir edən zülallardakı dəyişikliklər maraqlandırırıb. Bu dəyişikliklər pəhrizin üçüncü günündən sonra başlayıb və kilo itkisi ilə əlaqəli olmayıb.
Berlin Sağlamlıq İnstitutundan professor Mayk Pitzner epilepsiya və artrit kimi müxtəlif xəstəliklərin müalicəsində aclığın uzun tarixini xatırladıb. Bununla belə, o, ac qalmağın əks göstəriş olduğu insanlar üçün alternativlərin tapılmasının vacibliyini vurğulayıb.
Zaur, BakuPost