Ru
16:11 / 10 Mart 2025

"Bitcoin" niyə bahalaşır? - Araşdırma

"Bitcoin" niyə bahalaşır? - Araşdırma
Eye

Xəbər verdiyimiz kimi, kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb. Dünyanın ən bahalı kriptovalyutası “CoinMarketCap” platformasında 6.27 faiz bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib. "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28 faiz artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP 3.99 faiz, BNB 3.08 faiz, Tether isə 0.01 faiz bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və 108 min dolları ötüb.

Dünya bazarlarında ən dəyərli kriptovalyuta "Bitcoin"dir. "Bitcoin" hər hansı bir mərkəz bank, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. "Bitcoin" 1,75 trilyon dollarlıq bazar dəyəri ilə "gümüş"ü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib. O, son günlər daha sürətlə dəyər qazanıb.

“Bitcoin” hazırda ən çox istifadə olunan kriptovalyuta növüdür. Bu gün e-ticarətin kapital bazarda üstünlük qazanması və istənilən sahədə rəqəmsallaşmanın qaçılmaz hala çevrilməsi kriptovalyutaları daha da cəlbedici edir. Dünyanın hər yerində 1 “Bitcoin” eyni dəyərdədir. Kriptovalyuta ilə dünyanın istənilən nöqtəsində mübadilə fərqi olmadan əməliyyatlar aparıla bilər.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, kriptovalyuta son 15 ilin məhsuludur:



“Bu bazarın gələcəyinin prespektivli olacağını düşünmürəm. Çünki bu əlavə dəyər yarada biləcək, arxasında hansısa bir dəyərin dayana biləcəyi bir investisiya növü deyil. Kriptovalyutalar spekulyativ alət olub, pul qazanmağa imkan yaratsa da, gələcək üçün perspektivi olmayan maliyyə alətidir”.

İqtisadçının sözlərinə görə, kriptovalyutaları ayaqda saxlayan yeganə amil anonimlikdir:

“Dünyada qarışıqlıq davam etdikcə, anonim pul köçürmələrinin önəmi artır. Bəzi ölkələr sanksiyalardan yan keçmək üçün kriptovalyutalardan istifadə edir. Ancaq yaxın gələcəkdə kriptovalyutalara maraq azalacaq. Avropa Mərkəzi Bankı, Federal Rezerv Sistemi artıq məsələyə ciddi yanaşmağa başlayıb. Qanunvericilik bazası hazırlanır və ona əsasən, yaxın gələcəkdə anonimlik aradan götürülə bilər. Anonimliyin aradan götürülməsi ilə kriptovalyutaların önəmi də aşağı düşəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, son bir neçə gündür ki, "bitcoin"in qiyməti yenidən yüksəlib. Kəskin artım səbəbindən bazarlarda ciddi ajiotaj var. Dünyada çox ağır iqtisadi böhran gözlənilir. Buna görə də yatırımçılar “bitcoin"ə yönələrək vəsaitlərini qorumağa çalışırlar.

Rəşad Həsənov bildirib ki, kriptovalyuta bazarının gələcəyi ilə bağlı ümidlər çox böyükdür:



“Kriptovalyuta gələcəyin ödəniş vasitəsidir. Amma "Bitcoin"in qiymətinin birdən-birə sürətlə artaraq bu səviyyəyə çatmasını dəstəkləyən heç bir iqtisadi faktor yoxdur”.

R.Həsənovun fikrincə, hazırda alış istiqamətli hərəkətlərin edilməsi tövsiyə olunmur. Bazarların diqqətlə izlənməsi, fundamental faktorlarla yanaşı, qısamüddətli qiymət dinamikasına təsir göstərən amillərin də analiz edilməsi nəticəsində qərarın qəbul edilməsi daha doğrudur: “Düşünürəm ki, indiki halda bu bazarda risk faktoru əhəmiyyətli səviyyədə yüksəlib və buna görə də belə bir qərarın qəbul edilməsi investorlara tövsiyə olunmur".

İqtisadçının sözlərinə görə, kriptovalyuta bazarının tənzimlənməsi üçün müvafiq hüquqi bazanın formalaşdırılması hazırda bütün dünyada aktual problem olaraq qalır:

“Əksər mərkəzi banklar bu istiqamətdə nələrsə etməyə çalışırlar, lakin ortada hələlik tam formalaşmış konkret təcrübə yoxdur. Bu baxımdan, hətta Azərbaycan istəsə belə, hüquqi baza üçün uğurlu bir təcrübə yoxdur ki, istinad etsin. Ümumiyyətlə, Azərbaycanda indiki şərtlər daxilində bu sahədə hansısa addımların atılması gözlənilən deyil. Mərkəzi Bankın da açıqladığı kimi, hələlik bazar öyrənilir, xarici ölkələrdəki proseslər izlənir. Gələcəkdə uğurlu praktika olarsa, onun tətbiqinə üstünlük verilməsi məcburiyyəti yaranacaq”.

Ekspert qeyd edib ki, bütün bazarlar kimi, kriptobazarda da yatırımlarda udanlar və uduzanlar olur: “Düşünürəm ki, bazarda yüksək volatillik olduğu aralarda bu sahəyə yatırımdan yayınmaq daha uğurlu olar. Hazırda volatillik çox güclüdür, qlobal risklər fonunda investisiyaların yerdəyişməsi baş verir. Belə vaxtlarda müvəqqəti olaraq kapitallaşma artır, bahalaşma yaranır. Kriptovalyuta bazarını təhlükəli edən daha bir məqam onun arxasında real iqtisadiyyatın dayanmamasıdır. Buna görə də investorlara məsləhətim o olardı ki, investisiyalarını diversifikasiya etsinlər. Təcrübə göstərir ki, belə qiymət artımlarından sonra kəskin enmələr başlayır və bu, çoxsaylı investorların böyük itkilərə məruz qalmasına səbəb olur”.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovun dediyinə görə, "bitcoin” və bu tip kriptovalyutaların qiymətləri xeyli dərəcədə konyuktur amillərə bağlıdır. Ona görə də dayanıqlı şəkildə bitkoinin qiymətinin artması proqnozunu vermək olduqca çətindir.
O hesab edir ki, bir müddət sonra bitkoinin qiymətində ucuzlaşma müşahidə oluna bilər. Çünki kriptovalyutalara tələbat spekulyativ amillərlə bağlıdır:


"Bu da həmin kriptovalyutalarla bağlı hansısa dayanıqlılığın deyil, müvafiq dalğalarla dəyişən dinamikanın olmasını şərtləndirəcək. Daha uzunmüddətli perespektivdə təbii olaraq həmin valyutalara olan tələb də, onların qiyməti də təlatümlü olacaq. Dayanıqlı trendlərin olmasını proqnozlaşdırmıram”.

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, “bitcoin”in qiyməti ABŞ-dəki prezident seçkilərinin nəticəsindən sonra özünü göstərməyə başladı:



“Kriptovalyutanın birdən-birə fantastik dəyərə minməsi əsasən, dünya bazarlarında, fond birjalarında qeyri-müəyyən vəziyyətlə əlaqədardır. Dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyən idi. Qızılın qiymətinin bahalaşması, investorların qızıla meyl etməsi, dünyanın aparıcı valyutaları arasındakı rəqabətin kəskinləşməsi fonunda əsas diqqət ABŞ seçkilərinə yönəlmişdi və kimin qalib gələcəyi diqqət mərkəzində idi. Seçkinin yekununda investorların kriptovalyutaya meyl etməsi onun bahalaşmasına səbəb oldu. “Bitcoin”in bahalaşması təbii olsa da, bunu müvəqqəti hal hesab edirəm. Riskli bir tendensiyadır”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar