“Mədəniyyət sahəsinə 620 milyon manat ayrılsa da, bu vəsaitin 90 faizi əməyin ödənilməsi üçün nəzərdə tutulub. Ancaq ölkədə mədəniyyət obyektlərinin təmirinə, yenisinin tikintisinə lazımi həcmdə vəsait nəzərdə tutulmayıb”.
Bakupost.az xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə çox gözəl mədəniyyət evləri olsa da, onların təmirə ehtiyacı var.
“Digər tərəfdən bölgələrdəki kitabxanaların sayı sürətlə azalmaqdadır. Minə yaxın kitabxana ləğv edilib. Bu məsləyə həssaslıqla yanaşıb onların sayının yenidən artırılmasına ciddi ehtiyac var”, - deputat qeyd edib.
T.Rüstəmxanlı eyni zamanda siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.
Deputat bölgələrdə, xüsusən də təmsil etdiyi Neftçala rayonunda işsizlik probleminin həll edilməsi istiqamətində ciddi kompleks tədbirlərin həyata keçirilməsini təklif edib.
T.Rüstəmxanlı qeyd edib ki, Neftçalada işsizlik probleminin aradan qaldırılması üçün aqrar və sağlamlıq müəssisələrinin yaradılması baxımdan çox böyük potensial mövcuddur.