Ru
10:55 / 10 Oktyabr 2024

Böyük cinayət izi: titan dişlər, mərc oyunları, bank kreditləri

1691









Elçin Zahiroğlu
Jurnalist


Son vaxtlar şəbəkə oyunlarını təşkil edənlərə qarşı geniş miqyaslı əməliyyatlar keçirilir. Ümumiyyətlə, qızıl balıq nağılı ilə böyüyən, işləməklə yox, bir gün möcüzə nəticəsində varlanacağına ümid edən toplumda bütün mərc oyunları üçün münbit şərait var. Təhlükəli və zərərli olan bu oyunlar insanlar üçün əyləncəli bir məşğuliyyət kimi təqdim oluna və ya görünə bilər. Ancaq azart oyunlar çox zaman dərin psixoloji və sosial-iqtisadi bəlalara səbəb olur, narkotik kimi asılılıq yaradır. Bu oyunlara qurşanan insanlar özünə nəzarəti itirir, ciddi psixoloji problemlər yaşayır, cəmiyyətdən, ailədən təcrid olurlar və son nəticədə riskli addımlar atmaqdan, hətta cinayət törətməkdən çəkinmirlər.

Bayram adlı bir dostumuz var idi. Onunla hər görüş toy-bayram olurdu. Türkuyədə hüquq oxumuşdu, kiçik biznesi də vardı. Bir gün eşitdik ki, Bayramın bir milyon borcu var. “Topaz” oyunlarına qurşanıbmış. Evlərini satdı, işni bağladı, axırda da ölkədən qaçdı. O gedəndən sonra əvvəl ailəsi dağıldı. Sonra atası, anası evlərini, qızıllarını satdılar, bir müddət sonra isə bir-birinin ardınca kirayə qaldqları evdə infarktdan öldülər. Bayram bu yaxınlarda qayıdıb, hamı ilə sağollaşıb, intihar edəcəyini deyib.




Bu cür hekayələr çoxdur. Ən pisi də odur ki, Allah eləməmiş, Azərbaycanda qumar leqallaşsa, onunla daha çox kasıblar məşğul olar. Əgər kasıb qumar, mərc oyunu oynayırsa, deməli, söhbət heç də əyləncədən getmir, ehtiyacdan, qızıl balıq sevdasından gedir.


Kasıb adamlar üçün bəlaya çevrilən təkcə mərc oyunları deyil, həm də bu oyunları təşkil edən, cinayətkar şəbəkə kimi fəaliyyət göstərən bəzi bank və kredit təşkilatlarıdır. Bu gün rayonlarda, kəndlərdə pensiya, maaş kartı olan şəxslərin əksəriyyəti kredit ödəyicisidir. Bank əməkdaşları qapı-qapı gəzərək, insanları şirnikləndirir, bilgisizliyindən, pul görməmişliyindən istifadə edib onlara yüksək faizlə kredit verirlər. Soruşanda ki, bu krediti nə üçün götürmüsən, heç bir məntiqli cavab almırsan. Biri bekarçılıqdan, biri əlində bir müddət nağd pul görmək eşqindən, biri qonşusuyla bəhsə girmək üçün… Bir sözlə, heç nəyə görə! Bu adamların çoxunun kartı illərdir bank əməkdaşlarındadır.


20-25 il əvvəl ölkədə, əsasən də, rayon yerlərində hamı titan dişlər qoydururdu. Diş dəllalları camaatın sağlam dişini çəkib, yerinə zəhər saçan sarı metal bərkidirdilər. İndi də bank dəllalları həmin çarəsiz, bilgisiz insanların büdcələrini dişsiz qoyur, həyatlarını zəhərə döndərirlər.


Mərc oyunları insanları necə asılılıq və bəlaya sürükləyirsə, kredit verən təşkilatlar da onları o cür tələyə salırlar. Mərc şəbəkələri kimi, kredit təşkilatları da insanları cazibədar təkliflərlə aldadır və nəticədə onlar yüksək faizlərlə borclanıb çıxılmaz vəziyyətə düşürlər. İstər mərc oyunlarına, istərsə də zərərli kredit sxemlərinə qarşı mübarizə cəmiyyət üçün həyati əhəmiyyət daşıyır.




Ona görə də aidiyyəti qurumlar yalnız mərc oyunları ilə mübarizə aparmaqla kifayətlənməməli, eyni zamanda insanları maddi bataqlığa salan kreditşünaslara qarşı sərt tədbirlər görməlidir. Bu cür təşkilatlar da, mərc oyunları şəbəkələri kimi, ciddi nəzarət altına alınmalıdır. İnsanlar isə maarifləndirməlidir ki, onların toruna düşməsin...


Nəzərə almaq lazımdır ki, mərc oyunlarına və kredit bataqlıqlarına düşən insanlar yalnız səxsi məsuliyyətsizliyinin deyil, həm də sistematik problemlərin qurbanlarıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar