"Krım ilə bağlı Putinlə heç bir razılaşma olmayacaq, şərtləri Ukrayna müəyyən edəcək".
Bakupost.az The New Voice of Ukraine-ya istinadən xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer bildirib.
O "Telegraph"a verdiyi açıqlamada Rusiya ilə hər hansı sülh razılaşmasının şərtlərini müəyyən etməyə yalnız Ukraynanın haqqı olduğunu bildirib. Bu bəyanatla o, ABŞ Prezidenti Donald Trampın təklif və müddətlərinə qarşı çıxdığını göstərib.
Starmer yay aylarına qədər “bütün tərəflərin qəbul edə biləcəyi şərtlərlə” davamlı bir atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib:
“Hazırda danışıqların gərgin bir mərhələsindəyik. Görmək istəmədiyim şey müvəqqəti bir atəşkəsdir. Çünki əminəm ki, bu, sadəcə Rusiyaya gələcəkdə yenidən hücum etmək üçün imkan və vasitə verəcək. Onlar bunu əvvəllər də ediblər və şübhəm yoxdur ki, yenə də edəcəklər,” – deyə Starmer bildirib.
O, Vladimir Putinlə aparılan danışıqlarda işğal altındakı Krımın rəsmi olaraq Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan ABŞ planlarını dəstəkləməkdən imtina edib.
Britaniyanın Baş naziri Moskvanın “şərtsiz atəşkəs”ə razı olmasını tələb edib və Ukraynada sülhə nəzarət etmək üçün yerləşdiriləcək Britaniya və digər Qərb qüvvələri üçün ABŞ-ın təhlükəsizlik təminatları verməsi çağırışını bir daha təkrarlayıb.
Bundan əvvəl, The Wall Street Journal yazmışdı ki, Ukrayna ABŞ tərəfindən Prezident Donald TrAmp administrasiyasının müharibəni bitirməyə dair planını qəbul etməyə məcbur edilir. Həmin plana Krımın ilhaqının tanınması, Ukraynanın NATO-ya üzvlüyünün qarşısının alınması, Zaporojye Atom Elektrik Stansiyası (ZNPP) ətrafında ABŞ nəzarətində neytral zona yaradılması və atəşin dayandırılması daxildir.
Elmina Qasımova,BakuPost