Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan istintaq çərçivəsində bələdiyyə sədri Ekrem İmamoğlu saxlanılıb. İmamoğlunun mətbuat müşaviri Murat Ongun da daxil olmaqla bir çox şəxs haqqında həbs qərarı çıxarılıb. Ötən gün isə İstanbul Universiteti Ekrem İmamoğlunun Şimali Kiprdəki Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçidinin qanunsuz olmasını səbəb göstərərək siyasətçinin diplomunu ləğv edib.
Politoloq Zeynal Əmrəliyev Bakupost.az-a açıqlamasında qardaş ölkədə baş verən bu hadisəni şərh edib.
“Türkiyədə baş verən hadisələr ölkə demokratiyasına “Bu, AKP iqtidarının sonu olacaq”böyük zərbədir. Ana müxalifət CHP (Cumhuriyet Halk Partisi) prezidentliyə namizədini müəyyən etmək üçün bir neçə gün sonra qurultay keçiriləcəkdi. Prezidentliyə potensial namizəd kimi 2 şəxsin adı çəkilirdi - Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu. Mansur Yavaş prezidentlik yarışına qatılmaqdan imtina etdi, İmamoğlu isə seçki yarışına qoşulmuşdu. Bir müddət əvvəl də yerli təşkilatlardan dəstək almaq üçün regionlara səfərlər etmişdi. CHP daxilində İmamoğlunun namizədliyinə etiraz edən yoxdur. Çünki İstanbul meri bu müddət ərzində özünü müstəqil siyasətçi kimi təsdiq edə bilib. Seçkiyə qoşulacağı təqdirdə onun Ərdoğanı məğlub edəcəyi gözlənilirdi. Bütün sosialoji rəy sorğuları bunu təsdiq edirdi. Ancaq 18 mart tarixindən etibarən İmamoğlunun namizədliyinin ləğvi istiqamətində addımların atılmasına başlanıldı” – deyə Z.Əmrəliyev bildirib.
Siyasi şərhçi İstanbul Universiteti İmamoğlunun diplomunu ləğv etməsinə də münasibət bildirib:
“Bu qərar əslində qanunlarla ziddiyyət təşkil edir. Çünki əgər ali təhsil haqqında diplomun səhvən verildiyi sonradan aşkar edilərsə, o zaman buna görə diplomu alan deyil, verən tərəf məsuliyyət daşıyır. Digər məqam isə qanunlara görə, artıq nömrəsi verilmiş diplom geri alına bilməz, onun geri oxunuşu yoxdur. İstanbul Universiteti ilk öncə İmamoğlu ilə bağlı “fəxri məzunumuz” deyə söhbət açırdı. Şübhəsiz ki, universitetin bu qərarı siyasidir. Ancaq bunun həll yolu var idi. Türkiyə məhkəmə sisteminin bu qərarı təsdiq edəcəyi gözlənilən deyildi. Ancaq biz bu qərarın ertəsi günü, martın 19-da Əkrəm İmamoğlunun həbsinin şahidi olduq. Onunla bərabər İstanbulun Şişli və Bəylikdüzü Bələdiyyə sədrləri də həbs edilib. Həmçinin Böyükşəhər Bələdiyyəsinin 100-dən çox əməkdaşı da saxlanılıb. Eləcə Türkiyənin tanınmış jurnalistlərindən İsmayıl Saymaz da bu gün həbs edilənlərin içərisindədir. Saymaz öz obyektiv və cəsur mövqeyi ilə seçilən bir mediya mənsubu idi. Bunun ardınca isə İstanbul valiliyi şəhər ərazisində mitinqlərə qadağa qoyulması barədə qərar qəbul etdi”.
Z.Əmrəliyev vurğulayıb ki, baş verən hadisələr Türkiyə demokratiyası adına utancvericidir: “Türkiyə demokratik dəyərlərə önəm verən, insanların hür iradəsinə hörmət edən bir dövlət sisteminə sahibdir. Bu cür sistemə qəsd etmək isə heç də xoş olmayan nəticələri özü ilə gətirə bilər. Hələ mövcud prezident Rəcəb Tayyib Ərdoğanın bir şeirə görə həbs edilməsi və sonradan hakimiyyətə qayıdışı onu göstərirdi ki, türk xalqı bu cür hadisələrə sərt reaksiya verir. Türkiyə ədalət sistemi və türk xalqı şübhəsiz ki, demokratik dəyərlərə vurulan zərbəyə sakit qalmayacaq. Əgər İmamoğlu ilə bağlı qərar ləğv edilərsə və o seçkiyə buraxılarsa, bu AKP (Adalet ve Kalkınma Partisi) iqtidarının sonu olacaq. İstənilən halda, baş verən bu hadisələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda iqtidarın nüfuzuna olduqca ağır zərbədir. Baş verənlər onsuz da Türkiyəyə qarşı xoş münasibət bəsləməyən Qərb siyasi dairələrinin əlinə də fürsət verir. Türkiyə buna görə həm də çox ciddi beynəlxalq təzyiqlə üzləşəcək”.