İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 25 Vt və daha yuxarı gücə malik olan elektrik közərmə lampalarının idxalına, istehsalına və ya satışına görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Bakupost.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.