Əsl ətirlər təhlükəsizlik və sabitlik baxımından ciddi sınaqlardan keçirilir, lakin eyni şeyi saxta məhsullar barədə demək olmaz. İstehsal prosesi üzərində nəzarətin olmaması səbəbindən saxta ətirlərin tərkibi və təsiri gözlənilməz ola bilər ki, bu da insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Texnoloji Universiteti qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov gazeta.ru-ya bildirib.
Onun sözlərinə görə, belə məhsulların tərkibində olan maddələr işığın, istiliyin və ya havanın təsiri altında parçalana və zərərli birləşmələr əmələ gətirə bilər. Zaman keçdikcə isə belə ətirlər rəngini və konsistensiyasını dəyişir, istifadəyə yararsız hala düşür.
Kimyaçı qeyd edib ki, saxta ətirlərin tərkibində çox vaxt ucuz və təhlükəli maddələr olur ki, bu maddələr allergik reaksiyalara, dəridə qıcıqlanmalara və hətta ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə, ucuz kosmetika istehsalında istifadə olunan fenollar və aldehidlər dəridə səpkilər, baş ağrıları və tənəffüs sistemi problemlərinə yol aça bilər. Daha da təhlükəlisi, bəzi saxta məhsulların tərkibində ağır metallar - qurğuşun və ya kadmium mövcud ola bilər ki, bu da uzunmüddətli təsir zamanı orqanizmin zəhərlənməsinə və ciddi xəstəliklərə səbəb ola bilər.
Doroxov əlavə edib ki, saxta ətirlərin başqa bir problemi onlarda aktiv maddələrin düzgün konsentrasiyasının olmamasıdır. Bu isə yanıqlara və saçın zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, bəzi hallarda keyfiyyətli etil spirti əvəzinə tərkibində insan üçün zərərli olan və ağır zəhərlənməyə səbəb ola bilən metanol istifadə olunur.
Həmçinin, saxta məhsulların tərkibində aqressiv boyalar ola bilər ki, bu da dəri qıcıqlanmasına və allergiyaya səbəb ola bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, həssas dərisi və allergiyaya meyilli olan insanlar xüsusilə risk altındadır. Tədqiqatlar göstərir ki, saxta məhsulların tərkibində hətta xərçəng yarada bilən kanserogen maddələr ola bilər.
“Uzunmüddətli təsir nəticəsində bu maddələr onkoloji xəstəliklərə səbəb ola bilər”, - deyə Doroxov yekunlaşdırıb.
Lalə, BakuPost