Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. İclasda son vaxtlar partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Partiyadan verilən məlumatda bildirilib ki, "həmçinin Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subordinasiyaya əməl etməməsi, regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd "Ali Məclis"in iclasını çağırması, Ali Məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, Ali Məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib. Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnamənin kobud şəkildə pozulduğu qeyd olunub.Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub". Qərar Meydan Babayevin təklifi ilə Ədalət Partiyasının Ali Məclisində səsə qoyulub və dəstəklənib.
Məsələyə münasibət bildirən Mütəllim Rəhimov
Bakupost.az -a açıqlamasında bildirib ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir:
"Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir.
Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Bunların məni üzvülükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var? Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur.
Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir".
Lalə,
BakuPost