Ali məktəblərdə yerlərin sayının artırılması planlaşdırılsa da, bu il keçiriləcək qəbul imtahanlarında keçid ballarının azalması gözlənilmir.
Bakupost.az xəbər verir ki, bunu "Xəzər xəbər"ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli deyib.
"İnsanlar düşünür ki, yerlərin sayı artdıqca keçid balları aşağı düşəcək. Mən bunu düşünmürəm. Sadəcə olaraq, qəbul aparılmayan və qəbul faizi aşağı olan ixtisaslarda qəbul yerlərinin dolma faizi artacaq. Bu da universitetlərə əlavə maliyyə stimulu və məsuliyyət gətirəcək" , - deyə Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, 2026-cı ilə qədər tələbə sayı xeyli artırılmalıdır:
"Ötən ilin statistikasına əsasən, bu il qəbul yerlərinin sayının 5-8 min arasında artacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri yeni tədris binalarının istifadəyə verilməsidir. Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakıda Xəzər Universitetinin yeni binalarının tikilməsi tələbə sayında artımı dəstəkləyəcək".
Vüsal Kərimli keçid ballarının enməsə də, qəbul suallarının ötən illərə nisbətən asanlaşdırılacağının gözlənildiyini bildirib.