Bu jurnalistlər işsiz qalacaq… - Süni zəkanı necə fürsətə çevirək? - VİDEO
33377
“İnternetin ortaya çıxdığı 90-cı illərdə heç birimiz onun bütün dünyanı dəyişdirəcəyini demirdik. Hətta "New-York Times"ın texnologiya direktoru 1996-cı ildə demişdi ki, internet çox gözəl bir oyuncaqdır, amma onunla ciddi bir şey etmək olmaz, ticarət, təhsil, siyasət aparıla bilməz”.
Bakupost.az xəbər verir ki, TGS Akademiyasının direktoru Orxan Şener Dəliormanlı Qazaxıstanın Konaev şəhərində keçirilmiş I Beynəlxalq Media və Turizm Forumu və “Min rəngin səması” Beynəlxalq Hava Şarları Festivalında deyib.
O, sözlərinə belə davam edib:
“Diqqətsiz olduqda keçmişdəki sürətlə dəyişən şeyləri asanlıqla görə bilmirik. Bu gün də biz bənzər bir dəyişimin başlanğıcındayıq. "Open Aİ", "Chat GPT"yə daxil olsanız, saatlar, günlər sərf edilən işlərin 2-3 saniyədə həll olunduğunu görəcəksiniz. Bu texnologiyaların bizə böyük faydaları olacaq. Amma bəzi riskləri də var. O qədər sürətlə inkişaf edir ki, buradakı xətaları düzəlmə zamanımız az olur.
Media sahəsi üçün ən böyük problemlərindən biri yalan xəbərdir. İnsanlar ondan mənbə kimi istifadə edərək yalan məlumatı gerçək kimi göstərirlər. İkinci problem isə odur ki, hazırda dünyada bərabərsizlik və bilgi uçurumu var. İrəlidə olan insanlar daha çox inkişaf edəcək, geridə qalanlar isə daha çox geridə qalacaq.
Bir çox peşə sahəsi yox olacaq. Artıq tərcümə, redaktə işləri üçün pul ödəməyəcəyik. Bu da o deməkdir ki, jurnalistlər, turizmçilər işsiz qalacaq. İşiniz kopyalayıb yapışdırmaqdırsa, bir az tərcümə, bir az mətn dəyişməkdən ibarətdirsə, bu olacaq. Amma bu texnologiyadan köməkçi kimi istifadə edib orijinal işlər görsəniz, bu peşəni davam etdirə bilərsiniz.
Çünki süni intellekt küçəyə çıxıb insanlara sual verə, xəbərləri kənardan toplaya bilmir. Süni intellektin edə bilməyəcəyi insana aid şeyləri fürsət olaraq istifadə edə bilırsiniz”.
Türkdilli Jurnalistlər Fondu, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf, Mədəniyyət və İdman nazirlikləri, Almatı vilayəti administrasiyasının birgə təşkil etdiyi və aparıcı media platformasına çevrilən bu tədbirlərə 16 ölkədən 200-ə yaxın jurnalist qatılıb.
Forumda Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kıdırali, Almatı vilayətinin akimi Marat Sultanqaziyev və Türkdilli Jurnalistlər Fondunun prezidenti Naziyə Joyamergenqızı salamlama nitqi ilə çıxış ediblər.