Rusiya prezidentinin köməkçisi Yuri Uşakov 9 ölkənin BRICS qrupu ilə tərəfdaşlıq və əməkdaşlığı aktivləşdirdiyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, Yuri Uşakov 2025-ci il yanvarın 1-dən Belarus, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tayland, Uqanda və Özbəkistanın BRICS-in tərəfdaş ölkələri olacağını bildirib.
Uşakovun sözlərinə görə, bu ölkələr BRICS-ə qoşulmaq istəklərini və qətiyyətlərini vurğulayıblar. O, həmçinin bəyan edib ki, Moskva BRICS-ə qoşulmağa dəvət olunan daha dörd ölkədən cavab gözləyir.
Tərəfdaş ölkə statusu ilə BRICS-də iştirak edən dövlətlər təkliflər verə biləcək, lakin sənədin təsdiqi və səsvermə proseslərində iştirak edə bilməyəcək.
Bir müddət Rusiyanın Kazan şəhərində keçirilən 16-cı BRICS Sammitinin yekun bəyanatında BRICS-ə üzv ölkələr digər ölkələrin də bu qrupa qoşulmaq istəyini müsbət qarşılayıb. Sammitdə BRICS-ə üzv olmağa dəvət olunan ölkələrin siyahısı da təsdiqlənib.
İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub.
2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRICS-ə qoşulub.