Xəbər verdiyimiz kimi, Türkiyənin ana müxalifət partiyası CHP-nin prezidentliyə namizədini müəyyən etmək üçün keçiriləcək qurultayı ərəfəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub.. Prezidentliyə potensial namizədlər sırasnda onunla, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın adları çəkilirdi. Ancaq ötən gün İmamoğlunun diplomunun ləğv edilməsi, bu gün isə saxlanılmasından sonra vəziyyət dəyişib. Maraqlıdır, CHP İmamoğlunu kimlə əvəzləyəcək? Ümumiyyətlə, siyasətçini hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəylinin fikrincə, hələlik İmamoğlu bir rəqib kimi siyasətdən kənarda qalmış kimi görünür:
Əziz Əlibəyli
“Hadisələri qabaqlamaq doğru olmaz, lakin bütün maraqlı tərəflərin mövqelərinin açıq təhlili göstərir ki, İmamoğlu siyasi fiqur kimi gələcəyə saxlanıldı. Onun siyasi karyerası “içəri girib-çıxmış” liderlərin sırasına qatılmaqla böyük bir sıçrayış edə bilər. Amma izlədiyi yola görə etməyə də bilər. Eyni zamanda müəyyən "qırmızı xətlər"i tapdaması və müxalifətlə yanaşı, dövlətdə də müəyyən daxili icraedici və qərarverici gücün maraqlarını pozduğu üçün birdəfəlik "silinməsi" də mümküdür. Belə ki aid olduğu qlobalist çevrələrin dünyada günü qaradır. Bu baxımdan Türkiyə daxilində daha fərqli siyasi simaların peyda olub, hərəkətsiz, passiv siyasi lideri dərhal əvəzləməsi variantı daha ağlabatandır. Göründüyü kimi, onun qaradənizli olması, "kürd kartı", qlobalistləri təmsil etməsi, diplom məsələsi və s. kimi faktorlara görə namizədliyi mümkünsüz vəziyyətə gəlir".
"İmamoğlunu əvəz edəcək ən şanslı namizəd kimdir" sualına isə Ə.Əlibəyli belə cavab verib:
Mansur Yavaş
“Şübhəsiz ki, bütün hallarda əsas fiqur kimi Mansur Yavaş ön plana çıxır. Növbədənkənar seçkilər olacağı təqdirdə, - böyük ehtimalla olacaq, - Ərdoğan-Yavaş yarışının şahidi ola bilərik. Burda vəziyyət daha maraqlı şəkil almağa doğru gedəcək. Hər halda “süddən çıxmış ağ qaşıq” axtarmağa da lüzum yoxdur. Şahmat ustası dəstəyini alaraq gedişini edir. Türk xalqı üçün xeyirlisi olsun”.
Rumiyyə,BakuPost