"Biləcəridə yerləşən 299 nömrəli tam orta məktəbdə istilik sistemi işləmir".
Bunu
Bakupost.az -a övladları həmin məktəbdə təhsil alan valideynlər bildiriblər.
Onların sözlərinə görə, istilik sistemi təmirə görə dayandırılıb və bu vəziyyət şagirdlərin sağlamlığına mənfi təsir göstərir.
“Uşaqların çoxu dərsə gəlmir. Şagirdlər ya qripə tutulur, ya da soyuqdan mədə problemləri yaşayırlar. Məktəbin direktoru Solmaz xanım isə hər dəfə bu məsələni uzadaraq "bu gün-sabah" deyir”, - valideynlərdən biri deyib.
Onların sözlərinə görə, COP 29 zamanı məktəblər bağlandı və o zaman problem həll oluna bilərdi, lakin bu, baş vermədi:
“Dekabr ayında istiliksiz məktəb olar? Uşaqlar soyuq siniflərdə palto ilə oturmaq məcburiyyətində qalırlar. Bu məsələyə ciddi yanaşılmasını və problemin tezliklə həllini tələb edirik.”
Məsələ ilə bağlı 299 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbin adının çəkilməsini istəməyən işçisi Bakupost.az-a açıqlamasında bildirdi ki, neçə vaxtdır təmir gedir, amma hələlik istilik yoxdur:
“Çünki neçə illik borular torpağın altındadır və tamamilə çürüyüblər. Onları dəyişmək lazımdır. İndi bu problemi aradan qaldırırlar.”
Şagirdlərin dərsdən qalması ilə bağlı suala cavabında isə məktəb nümayəndəsi bildirdi ki, onu 1 nəfər hansısa valideyn deyə bilər, bu, hər məktəbdə olur, lakin bütün uşaqlar dərsdədir: “Hamı dərsdədir, şagirdlərin davamiyyəti də əladır”.
Lalə Novruz, BakuPost