Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən “TikTok” sosial şəbəkəsində “Bakcell” mobil operatorunun adından dələduzluq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və “Abunə ol” düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
Bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov Bakupost.az-a deyib ki, dələduzların vətəndaşların adından onlayn kredit götürməsi ilə bağlı şikayətlərin sayı günü-gündən artır. Bunu nəzərə alaraq Mərkəzi Bank banklara onlayn kredit rəsmiləşdirilməsini qadağan etməlidir. Əks təqdirdə vətəndaşların adından onlayn kredit götürən dələduzların sayı daha da artacaq. Onun sözlərinə görə, banklar onlayn kreditlə bağlı müştərilərlə müqaviləyə müəyyən bəndlər daxil edir. Amma Azərbaycan bankları müştərilərə banka getmədən kredit ayırmağa hazır deyillər. İnformasiya təhlükəsizliyi sistemində təkmilləşməyə ehtiyac var:
“Bu gün dələduzlar rahatlıqla vətəndaşları aldadır, vəsaitləri ələ keçirə bilirlər. Ona görə də, banklar onlayn kreditlə bağlı bəndi müqavilədən çıxarmalıdır. Bu prosesə tam hazır olduqdan sonra sözügedən bəndi müqaviləyə əlavə etmək olar".
Elektron hökumət portallarında hər bir vətəndaşın elektron məlumatları yerləşdirilib. Vətəndaşın fin kodunu daxil etməklə onun bütün məlumatlarıni əldə etmək mümkündür. Məlumatın əldə edilməsi ilə yanaşı krediti götürən şəxsin kimliyinin təsdiq edilməsi ilə bağlı da SİMA-dan ( üz tanıma sistemi) istifadə olunur. Banklarda da, elektron hökumət portallarında bu məsələ hələ tam formalaşmamışdan qabaq tətbiq edilirdi.Yəni vətəndaş etibarlı şəkildə kredit götürən şəxsin özü olduğunu təsdiq edə bildiyi halda kredit əldə edə bilirdi. Bank sistemləri ilə bağlı dünyanın hər yerində yeni texnologiyalar, qabaqcıl beynəlxalq praktikalar daim tətbiq olunur və inkişaf etdirilir. Yəni, şəxsin icazəsi olmadan onun adına nə fiziki, nə də onlayn qaydada heç kim kredit götürə bilməz. Vətəndaşların hüquqlarının qorunması bu sahədə bütün müvafiq dövlət qurumları tərəfindən təmin edilir. Bank xidmətlərinin göstərilməsi sahəsi isə Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır.
İT mütəxəssisi Fərid Pərdəşünas isə hesab edir ki, son vaxtlar dələduzlar bankların mobil tətbiqlərini oğurlayırlar:
"İnsanlara bununla bağlı təhlükəsizlik kodu göndərilir. Şəxsiyyət vəsiqəsinin FİN-i əldə olunaraq bank kartlarının hamısına birdən daxil olurlar. Vətəndaşlar heç bir halda şəxsi kodlarını üçüncü tərəflə paylaşmamalıdırlar. Ona görə də vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodlarını, mesajla gələn təhlükəsizlik kodlarını heç kimə verməli deyillər. Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Qeydiyyatdan keçəndə 3D kod göndərilir. O kodu da adətən, vətəndaşlardan istəyirlər. Onları necəsə aldadıb ələ keçirirlər. Sonra rahatlıqla insanların adından onlayn kredit götürürlər”.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, informasiya təhlükəsizliyi ilə bağlı konkret qaydalar var və hər bir vətəndaş buna riayət etməlidir ki, dələduzların qurbanına çevrilməsin:
“Naməlum yerdən hər hansı bir proqram təminatı qəti şəkildə telefona yüklənməməlidir. Bu yolla da fərdi məlumatları əldə etmk olur. Ən əsası isə kart məlumatları - FİN kod, həm də 16 rəqəmli nömrə kənar şəxslərə verilməməlidir. Dələduzlar əldə etdikləri kart məlumatları vasitəsilə insanların adından onlayn kredit götürə bilirlər. Ümumiyyətlə, bir çox vətəndaşlar belə hallarla bağlı məlumatsızdır. Bu istiqamətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilməlidir”.
Azərbaycan Mərkəzi Bankından bildirib ki, nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır: "Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. Mərkəzi Bankı ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada maarifləndirici işlər aparılacaq".
Bankdan qeyd olunub ki, bankların qarşısında informasiya təhlükəsizliyini gücləndirməklə bağlı tələb qoyulacaq. Bununla əlaqədar olaraq, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər" 2025-ci ilin mart ayından etibarən qüvvəyə minəcək.
Sevinc,
BakuPost