"İrana hərbi zərbə dərhal cavablandırılacaq".
Bakupost.az "Mehra agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçi İsrailin təhdidlərinə cavab verərkən bildirib.
O, bu təhdidləri "reallıqdan tamamilə uzaq" adlandıraraq, hər hansı hərbi hücum zamanı dərhal cavab zərbəsi endiriləcəyi barədə xəbərdarlıq edib.
"İsrailin İranın nə edib-etməyəcəyi barədə diktə etməsi xəyalpərəstlikdir və buna cavab verməyə belə dəyməz.
Ancaq diqqətçəkən məqam odur ki, Netanyahu açıq şəkildə Prezident Trampa İranla bağlı siyasətini necə aparmalı olduğunu diktə edir. Netanyahuya yaxın olan və İranla razılaşa bilməyən Bayden komandasının bəzi üzvləri Tramp administrasiyasının bizimlə apardığı dolayı danışıqları yalandan yeni bir JCPOA (İran nüvə sazişi) kimi təqdim edirlər. Aydın bildirmək istəyirəm: İran, xarici siyasətini sabotaj etməyə çalışan xarici qüvvələri dəf edəcək qədər güclü və özündən əmindir. Ümid edirik ki, ABŞ tərəfi də eyni dərəcədə möhkəm olacaq.
Bir çox iranlılar artıq JCPOA-nın yetərli olmadığını düşünür. Onlar real nəticələr istəyirlər. Netanyahu tərəfdarlarının atdığı heç bir addım bu reallığı dəyişməyəcək.
Hərbi seçim yoxdur və hərbi həll yolu da yoxdur. Hər hansı hücum dərhal cavablandırılacaq", - deyə Əraqçi bildirib.
ABŞ Prezidenti Donald Tramp isə son açıqlamasında, "İranla nüvə proqramı mövzusunda bir razılaşmaya yaxın olduqlarına" inandığını bildirib. O, Morristown hava limanında jurnalistlərə verdiyi açıqlamada "İran məsələsində yaxşı gedirik, bir razılaşmanın əldə olunacağını düşünürəm" deyib.
İranla ABŞ arasında Omanın paytaxtı Muskatda keçirilən danışıqların son turunda tərəflərin qarşılıqlı gözləntilər və tələblər üzərində detallı razılaşmalara yaxınlaşdığı bildirilib. İranın dövlət televiziya və radio şəbəkəsi (IRIB) müxbirinin məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri arasında texniki danışıqlar irəliləyib və detallı mərhələyə çatıb.
Danışıqların gələn həftə davam etdirilməsi planlaşdırılır.
Elina Qasımova,
BakuPost