“Azərbaycanda devalvasiya sonuncu dəfə 2015-ci il fevralın 2-də və elə həmin ilin dekabr ayının 21-də baş verib. Mərkəzi Bank manatın 1 dollara görə dəyərini əvvəl 1,05 azn, sonra isə 1,55 manat səviyyəsində müəyyən etmişdi. 2016-cı ilin əvvəlində isə AMB bəyan etdi ki, “yumşaq üzən məzənnə” rejiminə keçir. Çünki əvvəlki ildə iki dəfə devalvasiyaya baxmayaraq, məzənnədə tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya ehtiyac qalırdı. Milli Bankın rəsmi ehtiyatları isə tükənmək üzrə idi. Beləcə, manatın taleyi tam olmasa da, hərracların ümidinə buraxıldı. Nəticədə 1 ABŞ dolları 2 manatadək bahalaşdı. Lakin həmin ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdikdən sonra yenə də əsas etibarilə Mərkəzi Bankın qərarı ilə manat dollara nisibətdə 1,70 AZN səviyyəsində qərarlaşdı”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, ölkənin tədiyyə balansı göstəricisinin müsbət saldoda qaldığı, xarici ticarət dövriyyəmizdə ixracın idxaldan üstün olduğu, neftin qiymətinin dövlət büdcəmizdə təsbit ediləndən yuxarı olduğu şəraitdə devalvasiya baş verə bilməz:
"Çünki əvvəla, ölkədə valyuta tənzimlənməsində “üzən məzənnə” rejimi fəaliyyət göstərmir. Bayaq da xatırlatdım ki, 2016-cı ildə buna cəhd edildi, amma alınmadı. Çünki ölkəyə xarici valyuta yalnız bir kanal hesabına daxil olduğundan, milli valyutamızın dəyəri neftin və qazın kənara satış qiymətlərindən asılıdır. Ölkədə xarici valyutaya tələb artan kimi ajiotaj ortaya çıxa və manat kəskin dəyərsizləşə bilər. ABŞ dollarına keçən ildən etibarən artan tələb buna misaldır. Valyuta bazarımızda 9 ildir davam edən sabitliyin tezliklə pozulacağı və manatın ABŞ dolları qarşısında ucuzlaşacağı haqda fikir məhz bundan sonra ortaya çıxdı. Ortada valyuta bazarına təzyiq yaradacaq heç bir iqtisadi, maliyyə və s. səbəb olmadığı halda Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda ABŞ dollarına tələbin artması devalvasiya söhbətini qabartdı. Devalvasiya hökumətə də sərfəli deyil. Bu addım istər büdcə planlaşdırması, istər sosial, istər qiymətlərin tənzimlənməsi, istərsə də ümumi balans və strategiya baxımından məqsədəuyğun deyil”.
Sevinc,
BakuPost