Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:50 / 01 Avqust 2024

"Dilimizi korlayan TV-lər cərimələnməlidir" - Seyran Səxavət

2444
“Dilimizin vəziyyəti son dərəcə ağırdır. Bunu neçə aylar, illər öncə demişəm. Azərbaycan dili reanimasiyadadır. Bunun səbəblərini də göstərmişəm”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqda danışan yazıçı Seyran Səxavət bildirib.

Onun sözlərinə görə, dilimizin reanimasiyada olmağının bir nömrəli səbəbkarı televiziya məkanıdır:

“Azərbaycan televiziya məkanında olanların 95 faizi bu dildə danışmır. İstənilən televiziyanın ağıllı başlarıyla bununla bağlı mübahisə etməyə hazıram. Mən özümü bu dilin körpə bir balası kimi hiss edirəm, başqa iddiam yoxdur”.

Yazıçı dilimizlə bağlı keçirilən iclaslarda da mühazirələr oxuduğunu bildirib:

“Siz də şahidsiniz ki, “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir” adlı məruzəmlə Mətbuat Şurasında, Azərbaycan Yazıçılar Birliyində, Nəsimi adına Dilçilik İnstitutunda, Dövlət Dil Komissiyasının monitorinq qrupunda,Azərbaycan Milli Elmlər Akademiyası və Milli Məclislə birlikdə keçirilən müzakirədə çıxış etmişəm. Çünki bununla bağlı Milli Məclisə müraciət etmişdim və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa da səsimə səs verdi. Akademik İsa Həbibbəylinin moderatorluğu ilə çıxışım oldu. İstəyim də o idi ki, dövlət bu işlərə müdaxilə etsin. Ondan sonra bu nəticəyə gəldim ki, məruzəmin heç bir xeyri olmadı. Mən istədiyimi ala bilmədim. İstədiyirdim "yuxarı" bir mesaj göndərək ki, televiziyaları özbaşına qoymaq olmaz”.

S.Səxavət dilimizi korlayan televiziya kanallarının cərimə edilməsini təklif edib:

“Təklif etmişdim ki, bir komissiya təşkil edək. Özüm də o komissiyanın işində iştirak etməyə hazıram. Komissiya hər ay bir televiziya üzrə növbətçilik edib, problemləri onların nəzərinə çatdırsın. Nəticə olmasa, 100 manat cərimə olunsun, bu da kömək etməsə, 1 milyon cərimə olunsun, əgər yenə nəticə olmasa, televiziyanın lisenziya məsələsi gündəmə gətirilsin”.

Yazıçı deyib ki, yol hərəkəti qaydalarını pozduğuna görə sürücüyə yüksək məbləğdə cərimə yazılır, amma dilimizi korlayanlar cəzasız qalır:

“Maşında təhlükəsizlik kəmərini taxmayanda 40, işıqforun qırmızı işığından keçəndə 100 manat cərimə edirlər. Özü də bu cərimə telefonumuza pis gündə olan Azərbaycan dilində gəlir. Aptekin qarşısında maşını saxlayıb xəstənə dərman alanda sənə cərimə yazırlar, amma Azərbaycan dili məhv olub gedir, bütün qanunlar hamısı pozulub, heç kəsin vecinə deyil. Yadınızdadır, hardasa bir il öncə Azərbaycanda nə qədər dilçi var idi, hörümçəkdən danışırdılar. Hörümçəyi öz hörümçək toruna salandan sonra başladılar dovşandan danışmağa. O vaxt əsəbləşib demişdim ki, bilmirsən bunlar dilçidirlər, yoxsa Zoologiya İnstitutunun əməkdaşları? Bir sözlə, dilimizin vəziyyəti çox ağırdır, hamımızın boynuna böyük məsuliyyət düşür. Son olaraq iki cümlə demək istəyirəm. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, qoy bütün hamı bu məsuliyyəti dərk eləsin. Azərbaycan dilini qorumağın ən sərrast yolu isə onu çirkləndirməməkdir, vəssalam”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar